Milli Məclisin 24 saylı Nizami birinci seçki dairəsindən deputatı Könül Nurullayeva ilə müsahibəni təqdim edirik.
- Söhbətimizi cəbhədəki son vəziyyətlə başlayaq. Sizə görə Ermənistanın Tovuz istiqamətində - dövlət sərhədində hərbi təxribata başlamasının arxasında nələr dayanır?
- 2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsi beynəlxalq birliyin gözü qarşısında baş verən təxribatdır. Ermənistan uzun müddətdir ki, bu cür hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) öz təxribatlarına cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın niyə Qarabağdakı təmas xəttində deyil, sərhəddə belə bir təxribata əl atmasına gəlincə, düşünürəm ki, işğalçı ölkədə baş verən ictimai-siyasi prosesləri izləmək kifayətdir.
- Bu, Ermənistanın dünyanın diqqət mərkəzində olmaq istəməsi, yoxsa Azərbaycanın uğurlu siyasətini həzm edə bilməməsiylə bağlıdır?
- Əslində, burada hər iki məqam var. Çünki sərhəd təxribatı o zaman baş verdi ki, artıq işğalçı ölkədə ictimai-siyasi proseslər nəzarətdən çıxmışdı. Sözdə inqilab yolu ilə hakimiyyətə gətirilən Nikol Paşinyan hökumət başçısı kimi meydanlarda xalqa verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi. Bu da mövcud sosial-iqtisadi böhranı daha da dərinləşdirdi. Üstəlik, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında öz səriştəsizliyi ucbatından dəfələrlə gülünc vəziyyətə düşdü. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos Forumu, Valday diskussiya klubu, Münhen Təhlükəsizlik Konfransı və digər nüfuzlu platformalardakı aqrumentlərlə dolu bəyanatları qarşısında Paşinyan aciz qaldı. Eyni zamanda, bütün dünya ictimaiyyəti martda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək, Azərbaycanın ərazi bütövlünə dəstəyini təsdiq etdi. Bir sözlə, "demokrat" baş nazir daxildə artan narazılığa, miqyası günbəgün genişlənən sosial partlayışa tab gətirməyəcəyini anlayaraq, diqqəti xarici düşmən istiqamətinə yönəltmək məqsədilə sərhəddə təxribata əl atdı. Amma məqsədinə nail ola bilmədi. Hazırda Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və bundan sonra da veriləcək.
- AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olaraq hərbçilərimizin, dinc, günahsız, mülki sakinlərimizin Ermənistan silahlı qüvvələrinin bombardmanı nəticəsində şəhid olmasına görə çıxış etməyi düşünürsünüzmü?
- Bəli. Ümumiyyətlə, Ermənistan sərhəddə əl atdığı bu təxribat fonunda da beynəlxalq aləmdə təkləndi. Çünki işğalçının ən böyük ümidi KTMT-yə idi, lakin adıçəkilən təşkilatdan işğalçıya dəstək gəlmədi. Paralel olaraq, bir çox Avropa ölkələri Azərbaycana dəstək nümayiş etdirdi. Parlament rəhbərliyi, eyni zamanda Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən həmin təşkilatda təmsil olunan həmkarlarımıza Ermənistanın son təxribatları ilə bağlı müraciət ünvanlanıb. İşğalçının bu təxribatçı addımlarının, xüsusilə mülki əhalinin qətlə yetirilməsinin pislənməsinə çağırış edilib. Məlumdur ki, Avropa Şurası Parlament Assambleyasının prezidenti Rik Daems, Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna artıq cavab da göndərib. AŞPA prezidenti bildirib ki, bu məsələ qurumun müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib. Bildirilir ki, AŞPA tərəfləri gərginlik yaradan və və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırır. AŞPA-nın Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri də birgə bəyanat yayıb. Sənəddə Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin pozulması nəticəsində itkilərin olmasından narahatlıq ifadə olunur. Amma təəssüf ki, bu bəyanatda işğalçı öz adı ilə çağırılmır. Xüsusilə erməni silahlı birləşmələrinin mülki əhalini hədəfə alması, qətlə yetirməsilə bağlı işğalçıya xəbərdarlıq əks olunmayıb. Təbii ki, biz nümayəndə heyəti olaraq, AŞPA-nın iclaslarında bu məsələ ilə bağlı haqq səsimizi dünyaya çatdıracağıq.
- Azərbaycan-Xorvatiya Parlamentlərarası dostluq qrupunun sədri kimi hansı sahələrdə əməkdaşlıqda maraqlısınız?
- Xorvatiya-Azərbaycan əlaqələri strateji xarakter daşıyır. Bu il diplomatik münasibətlərimizin qurulmasının 25 illiyinin qeyd edirik. Ölkələrimiz arasında iqtisadi, siyasi, enerji, infrastruktur, İnformasiya Texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. Azərbaycan Xorvatiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bu günə qədər iki ölkə arasında 25-ə yaxın əməkdaşlıq sənədi, 2013-cü ildə isə Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Təbii ki, bu əməkdaşlıqda parlament əlaqələri də mühüm rol oynayır. 2000-ci ilin dekabr ayından Milli Məclisdə Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Dostluq qrupunun rəhbəri kimi keçirdiyim görüşlərdə Xorvatiya rəsmilərinin də mövqeyi bundan ibarətdir ki, strateji tərəfdaşlığın birgə səylər nəticəsində davam etdirilməsi üçün yaxşı potensial mövcuddur.
- Deputatı olduğunuz Bakı şəhərinin Nizami rayonunda pandemiyaya yoluxanlar çoxdurmu? Rayonunuzda xüsusi mübarizə tədbirləri necə təşkil olunub?
- Son aylar Nizami rayonunda yoluxma statistikası 6-8 % arasında dəyişir. Məsələn, iyulun 14-nə olan məlumata görə, Nizami rayonunda 8.3 faiz yoluxma qeydə alınıb. Bir neçə həftə əvvəl bu rəqəm 7 faiz idi. Ümumiyyətlə, virusun insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə bütün rayonlarda olduğu kimi, Nizami rayonunda da profilaktik və təxirəsalınmaz tədbirlər, eyni zamanda əhali arasında maarifləndirmə işləri davam etdirilir.
- COVID-19-la mübarizədə sizə kömək üçün müraciət edən şəxslər varmı? Ən çox hansı mövzularda seçicilərinizin dəstəyə ehtiyacı olduğunu düşünürsünüz?
- Karantin qaydalarına uyğun olaraq, bizim Deputat qərargahımızda Nizami rayon sakinlərinin onlayn müraciətləri qəbul edilir. Hər bir vətəndaşın müraciətinə baxılır, araşdırılır, müvafiq qurumlarla əlaqələndirilir. Biz hətta sərt karantin günlərində ehtiyacı olan şəxslərə ərzaq yardımı, həmçinin pulsuz müayinə ilə bağlı aksiyalar da təşkil edirik. Bir sözlə, dövlət başçımızın da söylədiyi kimi, biz də millət vəkili olaraq vətəndaşlarımızın, seçicilərimizin xidmətində və yanında olmalıyıq.