Ermənistan Respublikası bu yaxınlarda yeni təhlükəsizlik konsepsiyası qəbul etdi və ardınca Dağlıq Qarabağ qondarma rejiminin də belə bir sənəd qəbul etməsi gözlənilən idi. ”Artsax” dedikləri qondarma rejimin təhlükəsizlik şurasının katibi vəzifəsini daşıyan Samvel Babayan bu gün təhlükəsizlik konsepsiyasının yeni Strategiyasını açıqlayıb. Yeni kimi təqdim edilsə də, kökündə köhnə planın davamı olan bu strategiyadan məlum olur ki, “..millətlərin öz müqəddəratını təyinetmə hüququ prinsipi Artsax ermənilərinin taleyini həll etmək müstəsna hüququ kimi Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əsasını təşkil edəcəkdir. Artsax münaqişə obyektindən, danışıqlar masasına qayıdır və bununla da Artsax xalqının seçdiyi hakimiyyətin subyekti olur. Artsax Respublikasının beynəlxalq səviyyədə tanınmasının alternativi yoxdur.
Artsaxın təhlükəsizliyi auksiona çıxarıla bilməz. Yuxarıda göstərilənlərin tarixi, siyasi və hüquqi zəminində Artsax Respublikası Təhlükəsizlik Şurasının ofisi maraqlı tərəflərin iştirakı ilə ictimaiyyətin müzakirəsinə təqdim ediləcək, Azərbaycan-Qarabağ münaqişəsinin həlli üçün konsepsiya hazırlayacaqdır” - deyə Samvel Babayan açıqlamasında bildirib.
Bu sənəddə Dağlıq Qarabağın müstəqil olma bəndi “münaqişənin sülh yolu ilə həllinin əsasını təşkil etməsi” İrəvanın qəbul etdiyi konsepsiyanın təkrarıdır. Danışıqlarda “subyekt” olaraq iştirak etməsini şərt kimi irəli sürməkləri də Paşinyandan gələn ideyadır və ATƏT-in son bəyanatında bu kəskin tənqid olunub.
Maraqlı olan “münaqişənin həlli üçün yeni konsepsiyanın hazırlanacağı və ictimaiyyətin müzakirəsinə verilməsi” ideyasıdır. Tərəf kimi danışıqlarda iştirakı qəbul olunmayan qondarma rejimin nə hazırlaması özünə qalacaq, amma burda “maraqlı tərəflər” deyəndə həmsədrlər də nəzərdə tutulur. Son vaxtlar Azərbaycan tərəfindən haqlı olaraq tənqid olunan, amma son bəyanatında “açıq tənqidin” gərginliyə səbəb olduğunu deməklə ünvanına tənqid qəbul etməyən ATƏT-in Minsk Qrupu qəbul edəcəkmi?
Erməni separatçıları yeni hazırladıqları sənəddə və ümumiyyətlə yeri gəldi gəlmədi öz xeyirlərinə, maraqlarına uyğun olan nə varsa onun “altrenativi yoxdur” deyir. Baxın, “Dağlıq Qarabağın müstəqi olmasının alternativi yoxdur”, “Münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur”, ”Artsaxın danışıqlarda tərəf olmasının alternativi yoxdur”, indi də “Artsaxın beynəlxalq tanınmasının alternativi yoxdur” - deyirlər.
Bizsə: “bal kimi də var” deyirik!.