"Bank BTB" 2020-ci ilin birinci yarısının 107 min manat məbləğində zərərlə başa vurub. Əvvəlki illərin xalis zərərini (5.8 milyon manat) nəzərə alsaq, bank 5.9 milyon manat ziyandadır.
Pravda.az-ın əldə etdiyi məlumata görə, 30 iyun 2020-ci il tarixinə bankın aktivləri 360.2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 91.4 milyon manat artımdan xəbər verir. Xalis kredit portfeli təxminən 79 milyon manat artaraq 209.9 milyon manata çatıb.
Maliyyə göstəricilərini təhlil edəndə məlum olur ki, 214.4 milyon manat olan ümumi kredit portfelinin 12.4%-i və ya 26.6 milyon manatı təminatsızdır ki, bunun 11.6 milyon manatı biznes, 14.6 milyon manatı istehlak kreditlərinin payına düşür.
Yeri gəlmişkən, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 milyon manatdan artıq ehtiyat yaratmağa məcbur olub.