“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən reallaşdırılan Ani Ödənişlər Sistemi (AÖS) pilot rejimində istismara verilib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu gün ölkəmizdə mövcud olan, Mərkəzi Bank tərəfindən yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu dünya praktikasında mövcud olan ənənəvi ödəniş sistemləri baxımından ən müasir tələblərə cavab verir və informasiya texnologiyaları sahəsində ən son nailiyyətlərə əsaslanır. Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentləri dünyada qəbul olunmuş iş prinsiplərinə uyğun olaraq təsdiq edilmiş reqlament çərçivəsində (09:00-17:00 intervalında) fəaliyyət göstərir. Lakin, müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə hesablaşmaların ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir.
AÖS fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) vasitəsilə aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcəkdir. AÖS-ün istismara verilməsi rəqəmsal ödənişlərin effektivlik səviyyəsini yüksəldəcək, o cümlədən iştirakçılar üçün likvidliyin dərhal təmin olunmasına şərait yaradacaq.