Prodüser Təranə Səmədova müsahibə verib.
Pravda.az müsahibəni təqdim edir:
- Pandemiya dövründə özünüzü və ailənizi koronavirusdan necə qoruyursunuz?
- Dünən düşündüm ki, şükür Allaha pandemiyanın dinamik yayılan dövründə nə yaxşı virusa yoluxmadım. Anam şəkər xəstəliyindən əziyyət çəkir və ona görə çox qorxurdum. Anam ümumiyyətlə, evdən bayıra çıxmadı. Mən və qızım evə daxil olanda ilk işimiz əllərimizi yumaq və spirtdən istifadə etmək olur. Ətrafımda koronavirusa yoluxan insanlar oldu. Halbuki deyirdilər üç maskanı üst-üstə taxırdım. Maksimum dərəcədə gigiyenik qaydalara riayət edərək özümü və ailəmi qorumağa çalışıram. Virus tamamilə tükənməyib və qarşısını almağa çalışırıq. Qızım həyətdəki marketə belə gedəndə maskasız çıxmasına icazə vermirəm.
Karantində müəyyən vərdişlərimi tərgitmişdim. Düzgün qidalanıram və hər gün evdə nanə, limon, zəncəfil, darçın istifadə edirik.
- Bir çox məşhurlar toy mərasimləri keçirilmədiyindən maddi problemlər yaşadıqlarını bildirirlər. Ailənizi maddi cəhətdən necə təmin edirsiniz?
- Pandemiya cəmiyyətin hər bir təbəqəsinə ziyan vurdu. Heç kim deyə bilməz ki, problem yaşamadı. Vəziyyət hər kəsdə necə, məndə də elə... Təbii ki, maddi sıxıntılar oldu, amma 2019-cu ilin iyun ayından mənim rəsmi işim yox idi. Ona görə də 190 manat birdəfəlik ödəmədən mən də faydalandım. Anam təqaüd alır.
Düşünürəm ki, insan yaşayışını gəlirinə uyğunlaşdıra bilər. Məsələn, hökm deyil ki, hər ay qoyun əti yeyim, fransız kərə yağı istifadə edim. Əgər evimə daxil olan gəlir 300 manatdırsa, onu ailəmə uyğun xərcləməyi bacarmalıyam. Bu, subyektiv fikrimdir və bəlkə də kimsə məni buna görə qınaya bilər. Bir vaxt hər ay qara balıq kürüsü yemişəmsə, mütləq deyil ki, çətin dönəmdə də bunu yeməliyəm. Ona görə uyğunlaşa bilirəm. İnsan zülmə məhkumdur, hansı vəziyyətə düşsə belə...Ona görə də üsyan etmirəm.
- Maddi problemdən şikayətlənən bir çox məşhurlar sırasında Türkiyəyə istirahətə gedənlər də var...
- Türkiyəyə və eləcə də çimərliyə gedənlər çoxdur. Mən düşünürdüm ki, pandemiya dövründə camaatın dənizə, restorana getməsində maddi sıxıntı olacaq. Amma vəziyyət üsyan elədikləri qədər deyil. Bir çox insanlar virus başlayanda panikaya düşdülər. Mənim narahatlığım isə Tovuz rayonu istiqamətində baş verən döyüş zamanı oldu. Döyüşlərdə generalımız Polad Həşimov, polkovnik İlqar Mirzəyevi və əsgərlərimizi itirəndə çox dəhşətli anlar yaşadım. Amma karantin müddətində koronavirusa görə, stress yaşayım, yox...
Özümü həyatın hər üzünə hazır hiss edirəm. Bəlkə bu mənim psixoloji vəziyyətimlə bağlıdır, özümü bu vəziyyətə hazırlamışam. Amma müharibəyə hazır deyiləm.
- Bir neçə plastik əməliyyat, o cümlədən mədə kiçiltmə əməliyyatı keçirmisiniz. Buna rəğmən yenə artıq çəki almısınız. Maraqlıdır, yenidən hansısa plastik əməliyyata ehtiyac duyursunuz?
- Ümumiyyətlə, xanımlar ilk dəfə plastik əməliyyat elətdirməyə qorxurlar. İlk əməliyyatın nəticəsi isə müsbət olursa, davamı gəlir. Mən dəfələrlə plastik əməliyyat elətdirmişəm, burun, liposaksiya (piy sovurma) və bir neçə əməliyyat keçirmişəm. Bir dəfə uğursuz liposaksiya əməliyyatım olub və onun fəsadlarını aradan qaldırmaq istəyirəm. İnşallah əməliyyata hazırlaşıram. Amma buna hələ ki tələsmirəm. Çünki bədənin müəyyən çəkiyə alışma müddəti var.
Pandemiya dövründə çəki aldım. Çünki fiziki hərəkətimiz məhdud idi, bütün günü evdə idik. Hazırda normal həyata döndüyümüzə görə çəkim dəyişir.
Ümumiyyətlə, mən xarici görünüşümə görə heç vaxt depressiyaya düşmürəm. Hətta gücümü tam istifadə etməmişəm. Sahib olduğum gücümün daha artığını göstərə bilərəm, amma cəmiyyətə, ailəyə, yaşadığım həyata uyğunlaşmağa çalışıram. Ona görə də qarşıma sərhədlər qoymağa çalışıram. Hər işdə bir xeyir axtaran insanam. Allah nəyi qismət edirsə, onu da yaşayırıq. 2011-ci ilə qədər ara-sıra depressiyaya düşürdüm. Məsələn, bir həftə özümə qapana bilərdim. Eləcə də 2015-ci ildə qısa depressiya yaşadım.
"The Secret" filminə baxdım. Ekran əsərini izlədikdən sonra həyatda kainata ötürdüyümüz məlumatların özümüzə geriyə cəzb etməsinə inandım. Bizim şüurumuz nəyi düşünürsə, onu cəlb edir.
Heç vaxt pessimistliyə qapanıb, pis hadisələr haqqında düşünmürəm.
Ötən gün sosial şəbəkədə bir xanım mənə yazıb ki, bir çoxları irəli, sən isə geri getdin. Dedim ki, mən özümü geri getmiş hesab etmirəm, çünki sosial şəbəkədə paylaşdığım videoda 15 min baxış sayı var idi.
Özümü o vaxt geri qalmış hesab edərdim ki, videoya 50 baxış sayı olsun. Əgər bu gün də mənə maraq varsa, deməli öndəyəm. Artıq atacağım addıma daha çox diqqət edirəm. Zaman olub ki, işsiz qalmamaq və passivləşməmək üçün mənə uyğun olmayan işlərin də arxasınca getmişəm. Amma bu gün elə etmirəm və hansısa işə başlayarkən yüz ölçüb, bir biçirəm. Daha müdrik olmuşam.
- Təranə xanım, vaxtilə qazancınız pis olmayıb. Hazırda hər hansı biznesiniz də yoxdur. Qazandığınız pulları nəyə xərclədiniz?
- Bəli, mən yetərincə pullar qazandım və o pullarla borclar bağlayıb, öz adımı təmizə çıxarmışam. Bu, mənə güvəni doğrultdu. Əgər hansısa Pirvəliyə görə borc pul götürmüşəm və Əli pis adamdırsa və borc pulu qaytarmadısa, o pulu ödəmişəm. Heç vaxt onun üzərinə atıb, özümə olan güvəni itirməzdim. Böyük məbləğdə borc pullar bağlamışam və bu gün də davam edir. Avtomobilimlə qəza törətdilər və mənim üstümə atdılar. O avtomobil bankda idi və mən onun borcunu ödəyirəm. Avtomobil ələgəlməz vəziyyətdə idi.
Bu hadisə müğənni Rəqsanə İsmayılova ilə işlədiyim zaman baş vermişdi.
Avtomobili sevgilisi ilə idarə etmişdi. Artıq olan olub, keçən keçib. Pulu isə mən ödəyirəm. Sığorta şirkəti isə pulu ödəməmək üçün hər cür taktikaya əl atdı. Qəza zamanı sükan arxasında mən olmamışdım. Mənə çatanda min bir bəhanə edirlər, məbləğ 24-25 min manat civarında idi, onun 20 min manatı ödənməmiş qalır.
Mənim evim bankda idi, onu çıxarmalı, paralel olaraq anama, övladıma baxmalı idim. Üzərindən illər keçib və bu haqda danışmaq istəmirəm. Bunun heç bir mənası yoxdur. Dəfələrlə düşüb-qalxmışam.
Amma bu dəfə qalxacam və düşməyəcəm. Bunu daxilən hiss edirəm. Bəlkə də buna özümü kökləyirəm.