Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb.
Nazirlikdən verilən məlumata görə, DİN-nin əməkdaşları tərəfindən kiberməkanda qanunazidd fəaliyyətin, o cümlədən internet informasiya resurslarından istifadə edilməklə qanunsuz onlayn qumar oyunlarının təşkili və bu fəaliyyət nəticəsində əldə olunan pul vəsaitlərinin dövriyyəyə daxil edilməsinin qarşısının alınması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.
Həyata keçirilən növbəti tədbirlərlə ölkə ərazisində qanunsuz onlayn qumar oyunlarının təşkilində şübhəli bilinən Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər paytaxtın Yasamal rayonunda yerləşən icarəyə götürdükləri mənzildə ölkə ərazisində istifadəsi qadağan olunmuş “chckeeper.net” internet resursu üzərindən “Tilk007”, “Rahat001” və “Rahat98” adlı virtual kassalar yaradıblar.
Şübhəli şəxslərin “Jaguar casino” və “Rahat casino” adlı profillər vasitəsilə qanunsuz onlayn mərc və qumar oyunlarının təşkilini həyata keçirdikləri, “WhatsApp” və “Telegram” platformalarından istifadə etməklə iştirakçıların cəlb olunmasını və pul vəsaitlərinin qəbulunu təşkil etdikləri müəyyən olunub.