Azərbaycanda fərdi evlərdə günəş panellərinin quraşdırılması və artıq istehsal olunan elektrik enerjisinin dövlət şəbəkəsinə satılması vətəndaşlar üçün əlavə gəlir mənbəyinə çevrilə bilər. Bu mexanizm həm elektrik enerjisi xərclərinin azaldılması, həm də ailələrin enerji istehsalçısı kimi çıxış etməsi baxımından yeni imkanlar yaradır. Bəs hazırda günəş panelləri vasitəsilə elektrik enerjisi sataraq real gəlir əldə etmək nə dərəcədə mümkündür? Bu sistem gələcəkdə vətəndaşları aylıq “işıq pulu” ödəməkdən tamamilə azad edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, Azərbaycanda fərdi evlərdə günəş panellərinin quraşdırılması artıq təkcə ekoloji deyil, həm də iqtisadi baxımdan perspektivli investisiya modelinə çevrilə bilər.
“Mövcud qaydalara əsasən, 150 kVt-dək bərpa olunan enerji qurğusuna malik fiziki şəxslər “aktiv istehlakçı” hesab olunur. Bu status vətəndaşlara istehsal etdikləri elektrik enerjisinin öz ehtiyaclarından artıq hissəsini dövlət elektrik şəbəkəsinə ötürmək, ehtiyac yarandıqda isə şəbəkədən enerji almaq imkanı verir. İlin sonunda şəbəkəyə ötürülən elektrik enerjisinin həcmi istehlakdan çox olarsa, yaranan müsbət fərqə uyğun olaraq vətəndaşa ödəniş edilir.
Bu modelin iqtisadi səmərəliliyi həm artıq enerjinin satışından əldə olunan gəlirlə, həm də şəbəkədən alınan elektrik enerjisinin həcminin azalması ilə bağlıdır. Hazırda günəş və digər bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin topdansatış tarifi 8,5 qəpik/kVts, əhali üçün pərakəndə tariflər isə aylıq istehlak həcmindən asılı olaraq 8,4, 10 və 15 qəpik/kVts təşkil edir”.
Asif İbrahimovun fikrincə, günəş panelləri quraşdıran ev sahibləri üçün əsas iqtisadi üstünlük artıq enerjini satmaqdan daha çox, istehsal olunan elektrik enerjisini birbaşa öz ehtiyaclarına yönəltməkdir.
“Belə olduqda şəbəkədən alınan elektrik enerjisinin həcmi azalır və nəticədə ailənin aylıq kommunal xərclərinə qənaət edilir. İstehlakdan artıq qalan enerjinin şəbəkəyə ötürülməsi isə əlavə gəlir əldə etmək imkanı yaradır.