Angioqrafik uğur hər zaman proqnostik uğur demək deyil. Bir damarı uğurla açmaq, gözəl bir stent yerləşdirmək və ya texniki baxımdan mükəmməl əməliyyat aparmaq hələ xəstənin uzunmüddətli klinik nəticəsinin də uğurlu olacağı anlamına gəlmir.
"Tibbdə hər nəticənin müsbət olacağına zəmanət yoxdur" - Rəşad Mahmudov
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov bildirib.
R.Mahmudov qeyd edib ki, tibbdə əsas məqsəd yalnız prosedurun uğuru deyil, xəstənin həyatına və proqnozuna real fayda verməkdir: “Klinik protokollar bizə yalnız nəyi etməli olduğumuzu deyil, nəyi, nə zaman və hansı xəstədə etməməli olduğumuzu da öyrədir. Eyni zamanda, nəticədən asılı olmayaraq, verdiyimiz tibbi qərarların elmi və hüquqi əsaslandırılmasında ən mühüm istinad nöqtələrindən biridir. Çünki tibbdə hər nəticənin müsbət olacağına zəmanət yoxdur. Əsas olan xəstənin sonuna qədər yanında olmaq, onun üçün mümkün olan ən doğru qərarları elmi sübutlar əsasında verməkdir. Klinik protokolları sadəcə bilmək kifayət deyil. Onları anlamaq, mənimsəmək və klinik düşüncənin ayrılmaz hissəsinə çevirmək lazımdır. Unutmayaq, Yaxşı həkim yalnız nəyi edə bildiyini deyil, nəyi niyə etməli və ya etməməli olduğunu bilən həkimdir”.