Niderlandın “Elysian Aircraft” startapı 90 sərnişin tutumuna və 1000 kilometrədək uçuş məsafəsinə malik elektrik təyyarəsi üzərində işləyir. Layihə reallaşarsa, qısa və orta məsafəli aviareyslərdə ənənəvi aviasiya yanacağından istifadəni azaltmaq mümkün olacaq.
Bu barədə “Euronews” məlumat yayıb.
Şirkətin hazırladığı E9X modeli tam elektrik mühərrikləri ilə işləmək üçün nəzərdə tutulub. Layihə çərçivəsində təyyarənin əsas texnologiyaları sınaqdan keçirilib və ilkin nəticələrin uğurlu olduğu bildirilib.
“Elysian Aircraft” şirkətinin həmtəsisçisi Daniel Rosen Yakobsonun sözlərinə görə, əvvəllər aviasiya sənayesində böyük elektrik təyyarələrinin texniki baxımdan mümkün olmadığı fikri üstünlük təşkil edirdi. Lakin şirkətin apardığı tədqiqatlar bu yanaşmaya yenidən baxmağa əsas verib.
Təyyarənin qanadlarında akkumulyatorlar yerləşdiriləcək
E9X modelinin konstruksiyasında altı elektrik mühərrikindən və qanadlarının uzunluğu 50 metrdən çox olan xüsusi dizayndan istifadə nəzərdə tutulur. Uzadılmış qanadlar akkumulyator batareyalarının yerləşdirilməsi üçün layihələndirilib.
İstehsalçılar təyyarənin çəkisini azaltmağa və enerji səmərəliliyini yüksəltməyə çalışırlar. Çünki elektrik təyyarələrinin hazırlanmasında əsas çətinliklərdən biri batareyaların böyük çəkisidir. Məlumata görə, hər bir akkumulyator modulu təxminən bir ton ağırlığındadır və təyyarənin uçuş zamanı təxminən 40 ton batareya daşıması nəzərdə tutulur.
Hazırda Amsterdamdakı laboratoriyada layihənin ayrı-ayrı sistemləri, o cümlədən elektrik kabelləri və konstruksiyaya inteqrasiya edilən batareya blokları sınaqdan keçirilir. Məqsəd komponentlərin davamlılığını yoxlamaq, çəkini minimuma endirmək və ümumi məhsuldarlığı artırmaqdır.
Layihənin hazırlanmasında Delft Texniki Universiteti ilə strateji əməkdaşlıq çərçivəsində işlənmiş texnologiyalardan da istifadə olunur. Təyyarənin konstruksiyasında U-2 kəşfiyyat təyyarəsi və dördmühərrikli Douglas DC-8 kimi modellərin bəzi texniki həllərindən yararlanıldığı bildirilir.
Elektrik aviasiyası niyə vacibdir?
Aviasiya sektorunda sərnişin axınının artması ətraf mühitə təsirlə bağlı narahatlıqları da gücləndirir. Proqnozlara görə, 2046-cı ilə qədər dünyada hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 10 milyarda çata bilər.
Elektrik təyyarələri uçuş zamanı karbon qazı emissiyalarını aradan qaldırmaqla aviasiyanın ətraf mühitə təsirini azaltmaq potensialına malikdir. Bununla belə, batareyaların çəkisi, enerji tutumu və uçuş məsafəsi kimi amillər texnologiyanın geniş tətbiqi qarşısında əsas çətinliklər olaraq qalır.
E9X layihəsi üzrə uğurlu yerüstü sınaqlar kommersiya uçuşları üçün sertifikatlaşdırmaya doğru mühüm mərhələ hesab olunur. Lakin təyyarənin nə vaxt istismara veriləcəyi barədə materialda dəqiq tarix göstərilmir.
Elektrik sərnişin təyyarələri üzərində çalışan digər şirkətlər də var. Məsələn, ABŞ-ın JetZero şirkəti Z4 modelinin prototipinin ilk sınaq uçuşunu 2027-ci ilin dördüncü rübündə keçirməyi planlaşdırır.
Qaynarinfo