"Şəki (Zəngəzur) kəndində qeydə alınan insidentlə bağlı zərərçəkmiş qadın tanıdığı və şəxsi nömrəsi onda olan polis əməkdaşına zəng edib. Həmin hüquq-mühafizə orqanı əməkdaşı əvvəlki gün növbətçi olduğu üçün həmin vaxt istirahətdə idi".
Bu barədə bu ölkənin daxili işlər naziri Arpine Sarkisyan jurnalistlərlə söhbətində bildirib.
O, Şəkidəki hadisənin detallarına və polisin hadisə yerinə zəng edən şəxsdən daha gec çatması ilə bağlı müzakirələrə münasibət bildirib:

Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?
"Vətəndaş birbaşa polis xidmətinə deyil, əvvəlki gün növbədə olan tanış polisə müraciət edib və təbiidir ki, növbədən sonrakı gün o, istirahət etməli idi. Dəqiq vaxtla bağlı xırdalıqlara varmaq istəmirəm, çünki istintaq orqanı mümkün olduqda dəqiq vaxtı açıqlayacaq, lakin zəngdən cəmi 10 dəqiqə sonra polis əməkdaşı hadisə yerində olub, sadəcə insident artıq baş vermişdi. Əməkdaşımız tam doğru hərəkət edib, daha tez çatmaq və hadisənin qarşısını almaq qeyri-mümkün idi".
Nazir əlavə edib ki, hüquq-mühafizə orqanı əməkdaşı müraciət edən vətəndaşdan fərqli olaraq, hadisə yerindən xeyli uzaqda olub:
"İstirahətdə olan polis kifayət qədər uzaq məsafədə yaşayırdı. Yəni evdən çıxdıqdan sonra 10 dəqiqədən az müddətə ora çatmaq fövqəladə operativlik tələb edirdi və o, gəldiyi zaman hər şey artıq baş vermişdi.
Bundan əlavə, məhz həmin polisin operativ fəaliyyətinin nəticəsi olaraq biz həmin şəxsin izinə düşə, onu tapıb saxlaya bildik".
Nazir hazırda iş üzrə yeni halların olmadığını, istintaq tədbirləri yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib./Oxu.az