Ermənistanda Amulsar qızıl yatağının istismarı ilə bağlı ekoloji mübahisələr yenidən gündəmə gəlib. Ölkə və beynəlxlq mediada yayılan materiallarda mümkün turşu drenajı, ağır metalların su ehtiyatlarına təsiri və mədən tullantılarının uzunmüddətli təhlükələri ilə bağlı narahatlıqlar ifadə olunur.
Məsələ xüsusilə ona görə diqqət çəkir ki, Ermənistan hazırda BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının COP17 konfransına ev sahibliyi edir. İrəvan beynəlxalq ictimaiyyət qarşısında təbiətin qorunması, biomüxtəlifliyin mühafizəsi və ekoloji öhdəliklərin yerinə yetirilməsi ilə bağlı təşəbbüslər irəli sürür. Belə bir şəraitdə ölkənin öz ərazisindəki iri mədən layihələri ətrafında yaranan ekoloji sualların cavabsız qalması ciddi müzakirə mövzusudur.
Ekoloji mübahisələrin əsas istiqamətlərindən biri turşu süxur drenajı riskidir. Süxurların tərkibindəki piritin hava və su ilə təması nəticəsində turşulu axıntılar yarana, müəyyən şəraitdə ağır metalların ətraf mühitə yayılması mümkün ola bilər. Bu proses mədənçilik sənayesində məlum ekoloji risklərdən hesab edilir.
Qızıl çıxarmaq üçün başladılan Amulsar qızıl mədəni layihəsinin ekoloji sənədlərində də turşu drenajı ehtimalı, tullantı süxurlarının idarə olunması və suyun təmizlənməsi məsələləri nəzərdən keçirilib. Layihə sənədlərində bəzi materialların turşu əmələ gətirmə potensialının olduğu, risklərin idarə olunması üçün xüsusi tədbirlərin nəzərdə tutulduğu göstərilir.
2019-cu ildə aparılmış müstəqil qiymətləndirmə də yeraltı suların və çayların mümkün təsirlərə məruz qalması ilə bağlı risklərin olduğu göstərib. Bununla yanaşı, qiymətləndirmədə bəzi təsirlərin azaldılması üçün texniki tədbirlərin kifayət etmədiyi etiraf edilib.
Amulsar layihəsi ətrafında müzakirələrin digər istiqaməti Arpa, Darb və Vorotan çayları, eləcə də Keçut su anbarı ilə bağlı potensial risklərdir. Bu su sistemləri bölgənin ekoloji tarazlığı və su təminatı baxımından əhəmiyyətlidir.
Yekdil fikir ondan ibarətdir ki,qoruyucu sistemlərin düzgün işləməməsi halında çirkləndirici maddələrin su mənbələrinə düşə biləcək. Arpa–Göyçə tuneli vasitəsilə suyun Göyçə gölü hövzəsinə ötürülməsi də çirklənmə ssenarilərini real edir.