Azərbaycanda ev sahibi olmaq həmin əmlak üzərində mülkiyyət hüququnun tam rəsmiləşdirilməsi üçün kifayət etmir. Xüsusilə sənədsiz evlərdə yaşayan vətəndaşlar əmlaklarını satmaq, bağışlamaq və ya vərəsəlik qaydasında rəsmiləşdirmək istədikdə hüquqi çətinliklərlə üzləşirlər. Bəzi hallarda evin uzun illərdir istifadə edilməsi, kommunal ödənişlərin həyata keçirilməsi və ya torpaq sahəsinə dair müəyyən sənədlərin mövcudluğu da çıxarışın alınmasına zəmanət vermir.
Bəs hansı hallarda sənədsiz evə çıxarış almaq mümkündür? Bələdiyyə sənədləri mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün əsas sayıla bilərmi? Ev sahibinin əlində heç bir sənəd olmadıqda hansı addımlar atılmalıdır?
Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, daşınmaz əmlakın sənədləşdirilməsi zamanı əsas məsələ evin faktiki mövcudluğu deyil, torpaq sahəsinin hüquqi statusu, tikintinin qanuniliyi və mülkiyyət hüququnu təsdiq edən sənədlərin mövcudluğudur:
“Daşınmaz əmlakın sənədləşdirilməsi və dövlət qeydiyyatına alınması mülkiyyət hüququnun hüquqi cəhətdən rəsmiləşdirilməsinin əsas mərhələsidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun və qanunla nəzərdə tutulmuş digər əşya hüquqlarının dövlət qeydiyyatı xüsusi əhəmiyyət daşıyır.
Burada əsas məsələ yalnız evin faktiki olaraq mövcud olması deyil, həmin evin hansı hüquqi əsasla əldə edilməsi, yerləşdiyi torpaq sahəsinin statusu, tikintinin qanuniliyinin vəziyyəti və mülkiyyət hüququnun hansı sənədlərlə təsdiq olunmasıdır.
Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mülkiyyət hüququnun dövlət qeydiyyatını təsdiq edən əsas sənəddir. Bu sənəd mülkiyyətçinin əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi, əmlakın qanuni əsaslarla satılması, bağışlanması, vərəsəlik qaydasında rəsmiləşdirilməsi və qanunla mümkün olan digər əqdlərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bununla belə, əmlak üzərində hər hansı hüququn mövcudluğu ilə həmin hüququn dövlət qeydiyyatına alınması anlayışlarını fərqləndirmək lazımdır”.
“Sənədsiz ev” anlayışı bütün hallarda eyni hüquqi vəziyyəti ifadə etmir
Fərid Cəfərovun sözlərinə görə, gündəlik danışıqda geniş istifadə olunan “sənədsiz ev” ifadəsi müxtəlif hüquqi vəziyyətləri əhatə edə bilər:
“Birinci halda evin tikintisi və torpaq sahəsi ilə bağlı müəyyən sənədlər mövcud olur, lakin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmır. İkinci halda torpaq sahəsi üzrə istifadə hüququ və ya əvvəlki dövrlərdən qalan sənədlər mövcud olur, ancaq tikilmiş evin hüquqi rəsmiləşdirilməsi tamamlanmır. Üçüncü halda isə nə torpaq sahəsi, nə də tikili ilə bağlı hüquqları təsdiq edən yetərli sənədlər mövcud olur.
Bundan əlavə, texniki pasportun, təsərrüfatbaşına kitabdan arayışın, kommunal xidmətlərə dair sənədlərin və ya bələdiyyə sənədlərinin mövcudluğu avtomatik olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı anlamına gəlmir. Bu sənədlərin hüquqi əhəmiyyəti onların növündən, verilmə tarixindən, verilmə əsasından və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğundan asılıdır.
Ona görə də hər bir ev üzrə ayrıca hüquqi araşdırma aparılmalı, torpaq sahəsinin mənsubiyyəti, tikilinin inşa edilməsinin qanuniliyi və təqdim olunan sənədlərin hüquqi qüvvəsi müəyyənləşdirilməlidir”.
Çıxarış almaq istəyən vətəndaş hansı sənədləri toplamalıdır?
Ekspert qeyd edib ki, ilk növbədə, əmlakın hüquqi vəziyyəti müəyyənləşdirilməli və vətəndaşın əlində olan bütün sənədlər toplanmalıdır:
“İlk növbədə, vətəndaş əlində olan bütün sənədləri toplamalı və əmlakın hüquqi vəziyyətini müəyyənləşdirməlidir. Bu mərhələdə yalnız evə aid sənədlərlə kifayətlənmək düzgün deyil. Torpaq sahəsinin hüquqi statusu da ayrıca araşdırılmalıdır.
Əsasən aşağıdakı sənədlər və məlumatlar nəzərdən keçirilməlidir:
- Torpaq sahəsinə mülkiyyət, istifadə və ya digər qanuni hüququ təsdiq edən sənədlər.
- Evin qanuni əsaslarla əldə edilməsini və ya inşa olunmasını təsdiq edən sənədlər.
- Əvvəllər verilmiş qeydiyyat vəsiqəsi, texniki pasport, plan və ölçü sənədləri və digər mövcud sənədlər.
- Vərəsəlik şəhadətnaməsi, alqı-satqı müqaviləsi, məhkəmə qərarı və ya konkret hala uyğun digər hüquqmüəyyənedici sənədlər.
- Ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd və qanunvericiliyin tələb etdiyi digər materiallar.
Bu siyahı bütün müraciətlər üçün dəyişməz və tam siyahı deyil. Konkret sənədlər əmlakın əldə edilmə üsuluna, tikilinin növünə, sənədlərin verilmə tarixinə və mövcud hüquqi vəziyyətə uyğun müəyyənləşdirilir.
Bundan sonra müvafiq qeydiyyat orqanına müraciət edilməli, sənədlərin qeydiyyat üçün yetərli olub-olmadığı və əlavə sənədlərə ehtiyacın mövcudluğu dəqiqləşdirilməlidir”.