Bu gün Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın Pakistan İslam Respublikası Senatının Sədri cənab Məhəmməd Sadiq Sancrani ilə videokonfrans formatında görüşü keçirilib.
Bu barədə Pravda.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Pakistan Senatı Sədrinə görüş təşəbbüsü üçün təşəkkürünü bildirən Sahibə Qafarova bildirib ki, bu, Milli Məclisin Sədri vəzifəsinə seçiləndən sonra xarici həmkarı ilə videokonfrans formatında ilk görüşüdür. Milli Məclisin spikeri xatırladıb ki, Azərbaycanla Pakistan arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılıb, 1993-cü ildə Pakistanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Pakistanda səfirliyi fəaliyyətə başlayıb.
Sahibə Qafarova ölkələrimizin dost və qardaşlıq münasibətlərindən söz açaraq, beynəlxalq arenada Pakistanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkəmizə verdiyi daimi dəstəyə və işğalçı Ermənistanı dövlət olaraq tanımadığına görə təşəkkürünü bildirib. Xanım Sədr 2013-cü ildə Pakistan Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat vermiş, 2012-ci ildə Senatın Beynəlxalq münasibətlər komitəsi, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komitəsi Xocalı soyqırımına dair qətnamələr qəbul etməsini məmnuniyyətlə xatırlayıb.