Eynulla Fətullayev
1992-ci ilin yayında Azərbaycanın qoşun hissələri o zamankı briqada komandiri, indiki Baş qərargah rəisi Nəcməddin Sadıqovun komandanlığı altında qiyamçı Dağlıq Qarabağ muxtariyyətinin inzibati mərkəzi Xankəndinin bir neçə kilometrliyinə yaxınlaşdı. Erməni ordusunun tamamilə darmadağın edilməsi artıq gün məsələsi idi. Azərbaycan ordusunun, könüllü batalyonlarının Ağdərənin Vəng kəndinə qədər qələbə yürüşü birinci Qarabağ müharibəsinin taleyini həll etmək üzrə idi. Azərbaycan tanklarını separatçıların mərkəzindən cəmi 50 dəqiqəlik məsafə ayırırdı. Lakin iyulun 7-də Azərbaycan prezident Elçibəyin əmri ilə birtərəfli qaydada döyüş əməliyyatlarını dayandırdı. Həmin vaxtlar Xankəndi ətrafında şiddətli döyüşlərin getdiyi kimi, Romada da ATƏT-in vasitəçiliyi ilə erməni və azərbaycanlı diplomatlar arasında qızğın danışıqlar gedirdi.
Böyük və qüdrətli ölkənin dağılmasından sonrakı ilk illərdə Avrasiya məkanında təhlükəsizlik üzrə təşkilat məhz Müşavirə formatında fəaliyyət göstərirdi, o vaxtkı ATƏM iki superderjava arasında Brejnev-Nikson paktı əsasında yaranmış tarazlığın nəticəsi idi. Və sonsuz Ermənistan-Azərbaycan substansiv (bu sözü necə olubsa, 30 il sonra düşünüb tapıblar!) danışıqlarının üfüqündə hələ amorf Minsk Qrupunun həmsədrliyi görünmürdü. Avropalılar və üstəlik Yeltsin liberal Rusiyasının ictimaiyyəti Azərbaycanla Ermənistan arasında hazırlanmaqda olan Minsk konfransı çərçivəsində böyük sülh razılaşmasının əldə olunacağı haqda şirin xəyallara qapılmışdı. Və budur, həmin konfrans 30 ildir ki, baş tutmur!
1992 ci il. Azərbaycan əsgərləri Xankəndinə doğru irəliləyir...
Lakin Azərbaycan Qarabağ nizamlanmasının ilk günlərindən özünün beynəlxalq öhdəliklərinə sadiq qalaraq Minsk konfransının sədrinin, o vaxtlar hamının yaxşı tanıdığı vasitəçi Mario Rafaellinin (İtaliya xarici işlər naziri idi) tələbi ilə hücum əməliyyatını dayandırdı. Romada təbii ki, qarşıduran tərəflər heç nədə anlaşa bilmədilər. İndiki erməni baş nazirinin mənəvi atası Levon Ter-Petrosyan cəbhəçilərin hakimiyyətindən Qarabağı münaqişənin üçüncü tərəfi kimi tanımağı və birbaşa separatçılarla danışıqlara başlamağı tələb etmişdi.
Diqqət yetirin, 30 il ərzində dövlət başçılarının siyasi gündəmi və ritorikası dəyişməz qalıb. Beləliklə, 28 il əvvəl Azərbaycan təcavüzkarın sırımaq istədiyi formatdan imtina etdi. Danışıqlar pozuldu. Ermənistan isə növbəti dəfə atəşkəsdən istifadə edərək öz qüvvələrini yenidən cəmlədi, yeni hərbi texnika aldı və əks hücuma keçdi. Ədalət naminə etiraf edək ki, Azərbaycan ordusu da Xankəndinə doğru sovet ordusundan miras qalmış tanklarla hücum edirdi. Və ermənilərin həmin əks-hücumu ilə Azərbaycanın hərbi-siyasi məğlubiyyətləri başladı və bədnam Bişkek protokolunun imzalanması ilə nəticələndi.
Yalnız atəşkəsin əldə edilməsindən 22 il keçəndən, uzun-uzadı perspektivsiz və nəticəsiz danışıqlardan sonra Azərbaycan nəhayət münaqişənin hərbi yolla həllinə əl atmağa qərar verdi. Lakin Azərbaycan ordusunu yenə dayandırdılar-bu dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri. Təəsüf ki, indi böyük sülh razılaşması haqda xoş illüziyalar qurmayan bu vasitəçilər...Düşmən tərəflər arasında dəf edilməz uçurum yarandı. Lakin vasitəçilər yeni böyük regional yanğına imkan verməmək üçün hər halda atəşkəs əldə edə bildilər.
2016-cı ilin aprel müharibəsi zamanı Azərbaycan ordusu erməni işğalçılarının müdafiəsini cəmi bir neçə saata darmadağın edə bilmişdi...
Lakin Ermənistanın kompromissiz və israrlı mövqeyi, yuxarı və aşağı Qarabağ arasında bölgünü faktiki rədd etməsi postdiplomatik qarşıdurma dövründə yeni strateji hədəfə-işğal edilmiş ərazilərin beynəlxalq miqyasda tanınmasına hesablanıb. Və indiki Ermənistan hakimiyyəti işğalı legitimləşdirmək cəhdləri ilə bağlı daha bir konseptual vəzifənin həyata keçirilməsinə başlayıb: işğal zonasını Yaxın Şərq, konkret olaraq Suriya və Livan erməniləri ilə məskunlaşdırmaq.
Rəsmi Yerevan yeni model icad eləmir, sadəcə olaraq yəhudilərin işğal edilmiş Fələstin ərazilərində-İordan çayının qərb sahillərində apardığı məskunlaşma mexanizmini istifadə edir. Bəli, 1947-ci il planına görə İordan çayının qərb sahili Fələstin ərəb dövlətinin ərazisi olmalıdır. Lakin altıgünlük müharibə nəticəsində bu əraziləri İsrail işğal elədi. O vaxtdan bəri BMT-nin Fələstin dövləti yaradılması barədə planını dəstəkləyən güclü dövlətlərin etirazlarına və hiddətinə baxmayaraq İsrail bu ərazilərdə qanunsuz yəhudi məskənləri salıb. Əgər 30 il əvvəl kimsə desəydi ki, nə vaxtsa ABŞ Qərb sahilini İsrail dövlətinin ərazisi kimi tanıyacaq, biz onu “Zaman maşını” filminin qəhrəmanı Herbert Uellslə müqayisə edərdik.
Hələb Sakini Levon Ter-Petrosyan Yerevanı ikinci vətəni kimi seçdi...