Azərbaycanın daha bir klubu avrokuboklarda mübarizəni dayandırıb.
Pravda.az-ın məlumatına görə, “Sumqayıt” və “Keşlə”nin ardınca “Neftçi”nin də qitə səhnəsində çıxışı başa çatıb.
Azərbaycanın ən titullu klubu Avropa Liqasının II təsnifat mərhələsində dayanıb. Öncəki raundda Şimali Makedoniyanın “Şkupi” klubunu 2:1 hesabı ilə məğlub edən Füzuli Məmmədovun baş məşqçisi olduğu komanda bu gün Türkiyə təmsilçisi “Qalatasaray”la üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma qonaqların üstünlüyü ilə keçib. Bu üstünlük hesabda da öz əksini tapıb. Düzdür, ilk yarıda qol buraxan “ağ-qaralar” fasilədən sonra hesabda tarazlıq yaradıb. Amma türkiyəlilər bərabərliyin uzun sürməsinə imkan verməyərək qarşılaşmanı öz xeyrinə başa vurub – 3:1.
Beləliklə, “Neftçi” ilə keçirdiyi yoxlama oyunlarında qələbə qazana bilməyən İstanbul nəhəngi sindromu avrokubok matçında qırıb. Növbəti mərhələyə yüksələn Fatih Terimin yetirmələri sentyabrın 24-də baş tutacaq görüşdə Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi
17 sentyabr
20:00. “Neftçi” – “Qalatasaray” (Türkiyə) - 1:3