Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generallarının işində məhkəmə onlarla işadamının əlindən hədə-qorxuyla pulunun, başqa əmlaklarının alındığını təsdiqləsə də, ziyanın ödənilməsi üçün verilən mülki iddiaların əksəriyyətini təmin etməmişdi. Zərərçəkmişlərə deyilmişdi ki, ziyanı tələb etmək üçün özləri mülki qaydada ayrıca iddia qaldıra bilərlər.
Pravda.az-ın xəbərinə görə, indi həmin zərərçəkmişlərdən biri Zaur İbrahimov məhkəmə qərarı ilə keçmiş MTN gerenalı Akif Çovdarovun üzərinə 525 min dollar ödəmək öhdəliyi qoydurub.
Z.İbrahimov mobil telefon, danışıq kartları və kompüterlərin satışıyla məşğul olan "BakTel" MMC-nin rəhbəridir. O bildirir ki, 2009-cu ildə MTN işçiləri şirkətə basqın edib, sənədləri və əməkdaşlardan birini aparıb axşama qədər saxlayıblar. Daha sonra şirkətin əməkdaşını buraxıb, onu çağırıblar. Z.İbrahimovun sözlərinə görə, onu nazirlikdə Çovdarov qəbul edərək şirkətin əməkdaşlarından birinin "AyTel-MMM" ilə 550 min dollarlıq borc qalmaqalından qanışıb. Bildirib ki, "Aytel-MMM" keçmiş milli təhükəsizlik naziri Eldar Mahmudova məxsusdur, bu pul ödənilməlidir.
Z.İbrahimov deyir ki, Çovdarova həmin əməkdaşın sözügedən qalmaqala görə məhkəmənin hökmü ilə artıq cəzalandırıldığını desə də, xeyri olmayıb. A.Çovdarov pulun ödənilməsini ondan tələb edib. Əks halda, dələduzluq ittihamıyla həbs olunacağı, rüsvay ediləcəyi haqda xəbərdarlıq olunub. O da 225, 200 və 100 min dollar olmaqla, üç dəfəyə 525 min dolları Çovdarova çatdırıb.