AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyuna qatılıb, amma kölgədə qalanlardan biri də sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov oldu. Ziya Məmmədov vəzifədən çıxarılandan sonra Elton Məmmədov bir müddət işsiz qaldı. 2020-ci ilin yanvarında isə Ramiz Mehdiyevin xeyir-duası ilə Elton Məmmədov AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsinə təyinat aldı. Bu təyinat uzun illər ictimaiyyət üçün gizli qalan əlaqələrin üzə çıxması idi.
Elton Məmmədovun nəzarətində olmuş Bakı Beynəlxalq Avtovağzalı “2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində, o dövrdə Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilib. Obyekt o zaman nazir olan Ziya Məmmədovun ailə biznes imperiyasını özündə birləşdirən “ZQAN” Holdinq tərəfindən inşa edilmişdi. Baş podratçı isə “Bakı XXI Əsr” MMC adlı şirkət idi. “Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. “Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib. Həmin şirkətin isə təsisçisi o vaxt deputat olan Elton Məmmədov idi.
Elton Məmmədov özü mətbuata bu şirkətin təsisçisi olduğunu təsdiqləmişdi. Avtovağzal kompleksinin 80-100 milyon dollara başa gəldiyi bildirilir. Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxil idi. Ziya Məmmədov vəzifədən gedəndən sonra onun klanının fəallığı nəzərə çarpmırdı. Elton Məmmədovun bir-birinin ardınca vəzifələrə təyinat alması, 2019-cu ildə Anar Məmmədovun ölkəyə qayıtması onlara münasibətdə münasibətin bir qədər yaxşılığa doğru dəyişmişdi. Elton Məmmədovun Ramiz Mehdiyevlə sıx əlaqələri isə vəziyyətin Məmmədovlara münasibətdə dəyişə biləcəyi ehtimallarını doğurur.
Anar Məmmədov atası Ziya Məmmədov vəzifəsini itirməzdən çox əvvəl ölkədən gedib. Onun Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşdığı haqda xəbərlər vardı. 2017-ci ildə Zamirə Hacıyevanın Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində məhkəməyə çəkilməsindən sonra Anar Məmmədovun oradan getdiyi deyilirdi. Həmin dövrdə Məmmədovların “ZQAN” adı ilə qurduqları, sonradan “Garant”a çevrilmiş holdinqlərinə daxil olan şirkətlər nəzarətlərindən çıxarılırdı. Hətta 2018-ci ildə Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs də qoyulmuşdu. Məlum olmuşdu ki, Anar Məmmədov və şirkətlərinin “Paşa Bank”a kredit borcu var. O dövrdə məhkəmədə cavabdeh qismində “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Ziya oğlu Məmmədovun adları keçirdi. Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlakın - Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə, eyni zamanda əmlak kompleksi, Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoymuşdu. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedirdi.