"Pandemiya dövründə ölkəmizdə tibb sahəsində çalışan elm adamları tərəfindən virusla bağlı tutarlı heç bir tədqiqat aparılmamasını təəssüf və təəccüblə qarşılayırıq".
Bunu Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
N.Abdullayev bildirib ki, artıq özünün müstəqillik dövründə yeni bir inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan dövləti öz elminə sahib çıxıb onu inkişaf etdirəcək gücə malikdir: "Hətta bunun üçün artıq lazımi infrastruktur ölkəmizdə son illər qurulub və maliyyə vəsaitləri ayrılıb".
Görünür, elmi tədqiqatların aparılması, araşdırılması və buna marağın artırılması ilə bağlı yeni elm yolunun və ya elmi məktəbin açılmasına gərək var. Bu elmi yolda gənclərə maksimum şərait yaradılmalı və onların potensiallarından faydalanmaq lazımdır. Onlara Avropa və Amerika başda olmaqla bütün vacib tribunalarda bizim milli elmimizin nəticələrini göstərmək şansı tanımaq lazımdır".
Alim qeyd edib ki, Azərbaycan Tibb Universitetinin tələbələri mütləq olaraq elmi tədqiqatlara cəlb edilməli və 6 illik tibb təhsili zamanı tədqiqatlarda iştirak tələbələr üçün məcburi olmalıdır: "Hətta bu, semestr və ya dövlət imtahanı qədər önəmli olmalıdır. Universitet rəhbərliyi tələbələrə elmi yol göstərən gənc elm adamlarını əməkdaşlığa cəlb etməlidir və bunun da səyəsində nüfuzlu elmi jurnallarda çap olunan elmi tədqiqatların ciddi şəkildə illik hesabatı aparılmalıdır. Bundan başqa gənc elm adamlarına xüsusi təqaüdlər ayrılmalı və onlar tədqiqat məqsədi ilə elmi mərkəzlərə göndərilməlidir. Burada isə vacib amil bu günə qədər olduğu kimi deyil, tam ciddi şəkildə həmin gənclərin elmi mərkəzdə çalışdığı və ölkəyə döndükdən sonrakı elmi fəaliyyətinə nəzarət etməkdir. Bu heç kəsə sirr deyil ki, bu amil bugünə qədər ayrılan təqaüdlərdə ciddi nəzərə alınmayıb və nəticədə də elmi arenada gözlənilən inkişaf olmayıb. O inkişaf ki, bugün bizə COVID-19 pandemiyası zamanı hava və su kimi lazım idi".
"Unutmaq lazım deyil ki, postpandemiya dövründə cəmiyyətimizin səhiyyəmizə inamını və güvənini yaratmağın bir yolu var, o da milli elmimizi gənclərlə inkişaf etdirmək", tibb elmləri doktoru Nuran Abdullayev əlavə edib.Moderator