BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: "Müharibə başlayarsa, bu, Ermənistan dövlətinin süqutu ilə sonlanacaq"

Ermənistan tərəfi son vaxtlar öz təcavüzkar siyasətini davam etdirərək münaqişənin artıq hərbi yolla həll edilməsini qaçılmaz edir. Aydın məsələdir ki, Ermənistan özbaşına deyil, havadarlarına güvənərək ölkəmizin ərazisinin bir hissəsini işğal edib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər” fikri, əslində, açıq siyasi mesajdır.

Pravda.az xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev deyib: “Biz hər zaman münaqişənin dinc yolla nizama salınmasının, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında problemin həll olunmasının tərəfdarı olmuşuq. Buna baxmayaraq, öz hərbi gücünə arxalanan Azərbaycan üçün müharibə ehtimalı həmişə aktualdır.

Son hadisələr göstərir ki, Ermənistan tərəfi münaqişənin dinc yolla nizama salınmasını istəmir, sadəcə olaraq, danışıqlar görüntüsü yaratmağa çalışır. Onlar münaqişənin həll olunması ilə əlaqədar yeddi şərt irəli sürsələr də, bu absurd düşüncənin adekvat cavabını da, təbii ki, dərhal aldılar. Onlara bildirildi ki, yeddi şərtin qarşısında Azərbaycan tərəfi cəmi bir şərt irəli sürür - torpaqlarımız qeyd-şərtsiz azad olunmalıdır.

Ermənistan tərəfi Azərbaycan Ordusunun gücünə bələddir. Onlar anlayır ki, Aprel və Tovuz döyüşlərində ordumuzun çox az bir hissəsinin iştirakı ilə biz böyük uğur əldə etmişik. Düşmən qısa müddət ərzində təxribat törədir və bundan dərhal sonra sülh danışıqları istəyir, üzvü olduğu təşkilatlara atəşkəsin bərpa olunması və özünün müdafiəsi üçün yalvarır.
Bu gün Ermənistan hakimiyyətinin danışıqları imitasiya etməsi, təbii ki, başadüşüləndir, bununla onlar əlavə vaxt qazanmaq istəyir. Lakin istənilən halda danışıqlar uzun müddət davam edə bilməz. Ermənistan tərəfi danışıqlar prosesini artıq çoxdan pozub və hazırda ona uyğun cavabını alır.

Hazırda ölkəmizdə ehtiyatda olan hərbi qulluqçuların bir qisminin “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi təlimlərə cəlb edilməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Müharibə olmasa belə, Aprel döyüşləri zamanı, iyul ayında baş verən təxribatın qarşısı alındığı vaxt, elə bu gün də xalqımız böyük əhval-ruhiyyə ilə yaşayıb və yaşayır.

Biz xalq olaraq bu gün müharibəyə hazırıq və düşmən də başa düşür ki, müharibə başlayarsa bu, Ermənistan dövlətinin süqutu ilə sonlanacaq. Bu məqamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin könüllülərin cəbhəyə getməsi üçün qeydiyyata alınması barədə müraciətindən sonra vətəndaşlarımızın yaşından asılı olmayaraq könüllü surətdə hərbi xidmətə getmək üçün kütləvi şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə müraciətlərini bir daha xatırlatmaq yerinə düşər.

Onu da vurğulamaq lazımdır ki, bu ilin iyul ayında baş vermiş Tovuz hadisələri zamanı Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən 43 siyasi partiyanın birgə, 4 siyasi partiyanın isə ayrılıqda Ali Baş Komandanın ətrafında birləşməsi barədə bəyanatları ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının bariz nümunəsidir.
Yaxın keçmişdə baş vermiş və önəmli olan daha bir reallığa nəzər salaq. Məlum olduğu kimi, Gürcüstan tərəfi Ermənistana silah daşınması üçün öz ərazisindən istifadə etməyə imkan vermədi. Təbii ki, Gürcüstan hakimiyyətinin belə bir qərar qəbul etməsi bu ölkənin Azərbaycanla sıx münasibətləri və dövlətimizin regionda güclü mövqeyə malik olması ilə bağlıdır. Gürcüstan uzun illər ərzində mehriban qonşuluq əlaqələri qurduğu Azərbaycan kimi bir tərəfdaşını itirmək istəmir və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.


Görünən odur ki, ölkəmiz bu müddət ərzində ordu quruculuğunda və daxili siyasətdə nailiyyətlər əldə etməklə yanaşı, eyni zamanda, Türkiyənin, Gürcüstanın və bir çox digər ölkələrin timsalında özünə sadiq dostlar qazanıb.

Bütün dünya birliyi artıq görür ki, Ermənistan daim ayrı-ayrı ölkələrə qarşı əsassız ərazi iddialarında olan, öz maraqlarını daim hər şeydən üstün tutan uğursuz bir dövlətdir. Ermənistan tərəfinin yürütdüyü təcavüzkar siyasət isə sadəcə, Ermənistan hakimiyyətinin süqutunu daha da sürətləndirir. Bu günədək ayrı-ayrı təşkilatların, xüsusilə də Soros Fondunun diktəsi ilə hərəkət etdikləri üçün düşdükləri çətin vəziyyətdən çıxmaqları da artıq qeyri-mümkündür.

Bizim, Azərbaycan xalqı olaraq yeganə məqsədimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşərək, dövlətin maraqlarını bütün maraqlardan üstün tutaraq, düşmənin və onun havadarlarının xain əməllərinin layiqli cavabını verməkdir.
Tarix: 23 Sentyabr 2020, 20:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin