Populyar müğənni Nadir Qafarzadə müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Nadir bəy, cəbhə bölgəsindən xoş xəbərlər alırıq... Təəssüratlarınız necədir?
- Hər birimiz xəbərlərə ürəkdən sevinirik, səbrsizliklə yenilərini gözləyirik. Və torpaqlarımızın tezliklə tam azad olacağına inanırıq. Həmişə prezident İlham Əliyev çıxışlarında deyirdi ki, bayraqlarımız Qarabağda dalğalanacaq. Ordumuz gücləndi, müasir silahlar alındı. Heç nə birdən-birə baş vermir... Bu böyük və şərəfli bir Vətən müharibəsidir. Biz prezidentimizin yanındayıq.
- Cəbhə bölgəsində baş verən hadisələri nə dərəcədə izləyirsiniz?
- Hadisələri televiziyadan və müxtəlif media orqanlarından izləyirik. Əminik və şahidik ki, bizim ordumuz qələbə çalacaq. Mənfur düşmənimiz dinc əhaliyə atəş açmaqla xalq arasında çaxnaşma yaratmaq istəyir. Cənab prezident İlham Əliyevin dediyi kimi, biz birlikdə güclüyük. Hazırda iki müharibə gedir, biri cəbhə bölgəsində, biri isə koronavirusla. Hər kəsdən rica edirəm, bir-birimizi sevək, ağ kağız üzərində neqativ nəsə axtarmayaq. Bu gün Nadir Qafarzadə və yaxud başqasının həyatına girib, mənfi bir şey tapmağa çalışmayaq. Müsbət düşünək.
Mən Rusiyada Murmansk vilayətində əsgərlikdə olmuşam. Qəribçilikdə hərbdə olmaq çətindir. Hər gün məktub gözləyirsən. Bu günün gəncləri doğma vətəndə xidmət keçir, döyüşür və qələbə qazanır.
Bu ağır günlərdə bir olmağa, daha sıx birləşməyə çalışmalıyıq. Bəzən insanlar bir-birini günahlandırmaq yarışa girirlər. Məsələn, fikankəs niyə cəbhədə deyil və s. Əgər kimsə cəbhədə deyilsə, deməli, dövlət belə qərar verib. Sabah dövlət qərar versə ki, Nadir Qafarzadə, sən də cəbhəyə getməlisən, təbii ki, gedəcəm. Mənə ehtiyac yoxdursa, bizim əsgərlərimiz var, ordumuz güclüdür. Biz özbaşımıza cəbhəyə gedə bilmərik. Bu, böyük bir müharibə və ciddi prosesdir.
- Azəraycanda kifayət qədər müğənni var. Maraqlıdır, niyə başqa müğənnilər yox, sizin paylaşımlarınız səs-küyə səbəb olur?
- Belə bir atalar sözü var, "El üçün ağlayan göz kor olar". Hərdən bəzi şeylər məni ruhdan salır. Pislər haqqında danışmırlar, yaxşılar həmişə müzakirə olunur. Belədə mən də ruhdan düşürəm, soyuyuram. Verən əlimi də saxlayıram.
Məni sevən insanlar çoxdur, sənətdə xidmətim az olmayıb. Mən cəbhə bölgəsində olanda, orada konsert verəndə insanlar bunu niyə görmürdülər? Halal xoşları olsun. Bir nəfər dedi ki, cəbhə bölgəsində sən olan yerlərə çoxlarının ayağı dəyməyib. Amma haqqına girirlər.
- Özünüzü sənətin hansı pilləsində görürsünüz?
- Biz hazırda Vətənimizi, torpaqlarımızı düşünürük. Qazancını paylaşan yaxşı insanlarımız çoxdur. Mən inanırsınız ki, yaxın günlərdə telefonumu satdım və pulunu kənddə yaşayan bacı-qardaşlarıma göndərdim. İnsanı qınamaq çox asandır. Amma insanın daxilində nə çəkdiyini bilə bilməzsən (kövrəlir). Mən gözüm görə-görə insanın ac, ehtiyac içində yaşamasına baxa bilmirəm. Hətta həyat yoldaşım dedi ki, sən nə günə qalmısan ki, telefonunu satırsan. Dedim, bəs neynəyim? Nəyisə satmalıyam!
Səkkiz aydır pul qazanmıram. Amma heç kim maraqlanmır ki, Nadir nə yeyib-içir. Mən sata-sata gedirəm. Heç olmasa satmağa bir şey var. Hazırda evimi satışa çıxarmışam. Çünki nəslim böyükdür və ehtiyaclı yaxınlarım çoxdur. Bilirsiniz ki, qardaşım ruhi xəstədir. 1993-94-cü illərdə cəbhədə kantuziya alıb. Bir neçə ildən sonra bildik ki, xəsarət alıb. Ruhi xəstədir, 46 yaşı var. Onun ailəsinə baxıram. Bacılarım var, kasıbdırlar, ayda bir dəfə gedirəm ki, ən azından yanlarında ola bilim, ehtiyaclarını ödəyim.
Başqa dostlarım var, əvvəllər pul qazanıblar, musiqiçidirlər, onların ailələrinə əl tuturam. Mən həmişə bölüşməyi sevirəm. Ona görə də gəlin yaxşı insanları qoruyaq. Bu gün varkən yaxşı insanların qədrini bilək. 20 ildən çoxdur ki, professional səhnədəyəm. Mənim nə daydayım olub, nə də kiməsə tapşırılmışam. İrəli öz gücümə getmişəm. Bunun üçün Allahıma minnətdaram. Tanınmasaydım xalq sevməyəcəkdi. Məni uşaqlar da çox sevir.
Heç vaxt dövlətli evinə getməyi xoşlamamışam. Həmişə düşünmüşəm ki, varlı pafoslu olacaq, var-dövlətini göstərəcək. Kasıbların yanında olmağı sevirəm. Demirəm ki, hamısı elədir, amma varlının pul sevgisi böyükdür. Ona görə dövlətli olur. Kasıb isə insanlara sevgisini verir.
- Hazırda pandemiya davam edir. Toy mərasimləri hələ ki, gözlənilmir. Nə edəcəksiniz?
- Toy mərasimi, bayram yoxdursa, o cəmiyyətdə yaşamağa dəyməz. Yas, ağlamaq nəyimizə lazımdır? Bizə toy yaraşır. Düzdür, hazırda Vətən müharibəmiz davam edir
Pulsuzluğu görmüşük, bizi heç nə ilə qorxutmaq mümkün deyil. Yaşım az deyil, bundan sonra 50 yaş yaşayan deyiləm. 20 il yaşasam böyük şeydir bu dərdlərlə… Bu gün heç kim bilmir ki, sən nə yeyirsən. Amma yaxşı, xeyirxah insan olmağa çalışmalısan.
- Rusiya şou-biznesinə qatılmaq istədiniz, alınmadı. Bunun səbəbi nə oldu?
- Böyük bir layihə işlədik, rusiyalı bəstəkar və şairlərlə mahnılar yazdırdıq. Hətta o vaxt Filip Kirkorovun prodakşını ilə müqavilə bağlamışdıq. Sadəcə sponsoru ürkütdülər - o da öz içimizdən oldu. Sponsoru qaçırdılar, dedilər ki, Nadirə kömək edincə bizə elə.
- Həmkarınız mane oldu?
-Bəli, həmkarım idi, Rusiya şou-biznesinə qatıla bilmədi, amma pul ona xərcləndi. Yəni pul onun vücuduna sərf edildi. Amma şükür Allaha, Rusiyada səhnələrə çıxdım. NTV kanalında yeganə azərbaycanlıyam ki, çıxış elədim. Çox adam dedi ki, niyə Eldar adı ilə qatıldın? Bu gün bir çox müğənnilər öz adlarını dəyişiblər. Rusiya və dünya şou-biznesində də bu tendesiya var. Eldar Azərbaycan adı idi, dedilər, adını dəyişdin. Belə şeylərlə ürək bulandıranlar var.
Soçi Festivalında fəxri qonaq kimi iştirak etdim. Konsertin NTV kanalında təqdim edidi, orada özümü görəndə çox sevinirəm. O mənim üçün balaca uğur deyildi. Sıfırdan başlayan ifaçı üçün böyük hadisə idi. Amma nə fayda, özmüzü kəsən "qılınclarımız" imkan vermədi.