“O suala heç kim cavab verə bilməz. Əgər düşmənin silah-sursatı bitməklə olsaydı, başqa məsələydi. Biz bilirik ki, burada silahlandırmaya təsir edən amillər var. Birincisi, cənab Prezident demişkən, Ermənistanda - Gümrüdə Rusiyanın 5-ci bazası var. Biz onu açıq deməsək də, ancaq aydındır ki, oradan ermənilər faydalana bilərlər. Hər halda, bu ehtimal böyükdür. Digər tərəfdən, 10 gün əvvəl elə 20 təyyarə reysi ilə ancaq İraqdan hərbi yönlü yüklər aparılıb”.
Bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Müdafiə Nazirliyi hər gün Ermənistan ordusunun xeyli sayda silah-sursatının məhv edildiyini, yaxud qənimət kimi ələ keçirildiyini açıqlayır, ancaq kasıb Ermənistan ordusunun silah-sursatı bitmək bilmir. Bu, nə vaxt tükənə bilər” sualı cavablandırarkən qeyd edib. Ekspert deyib ki, silah-sursatla məşğul olan şirkətlər vasitəsilə də Ermənistanı təmin edirlər: “Ancaq Azərbaycan Respublikasının müvafiq orqanları bunların qarşısını almaq üçün müəyyən tədbirlər görürlər. Amma o silah-sursat Ermənistanda olan silah-sursat deyil, biz hesablayaq ki, nə vaxt bitəcək. Bu silah-sursat bir tərəfdən məhv olunursa, o biri tərəfdən müəyyən şəkildə gətirilir. Əlbəttə, əvvəlki sayda deyil və getdikcə məhdudlaşır. Çünki Ermənistanın özünün almaq imkanları məhduddur. Həm də ki, silah-sursatı göylə çox daşımaq olmaz. Quru yol da ancaq İrandandır. İran da bizə dost mövqeyi tutur, getdikcə anlayırlar ki, Azərbayacan haqq yolundadır və bu cəhətdən dəstəkləməyə çalışırlar. Heç olmasa silahlandırma ilə bağlı Ermənistana məhdudiyyətlər qoyulub. Ona görə mənə elə gəlir ki, silah-sursatın yekunlaşması ilə bağlı sual özü konkret cavab tələb edən, ancaq konkret cavabı olmayan sualdır”.