Keçən il bir yazımda həkimlərimizi tənqid etmişdim. Xeyli də maraqla qarşılandı. Üstündən bir neçə gün keçəndən sonra tanımadığım nömrədən zəng gəldi. Açan kimi salamsız-zadsız:
– Alo, Kəramətdir?
– Bəli, buyurun.
– Sənlə görüşmək istəyirəm!
– Kimdir ki? Nə məsələdir?
Kobud bir səslə:
– Görüşəndə bilərsən!
– Gəlin Bakı Dövlət Universitetinə, burdayam.
– Yox. Yer deyim, gəl ora!
– Əlimdə işim var, valla. Həm də görüşmək istəyən mən olsaydım, dediyiniz yerə gələrdim. Amma siz zəng eləmisiniz. Mən də deyirəm ki, universitetdəyəm. Buyurun.
Danışdığı sözlərin sonundakı nidaları telefondaca hiss eləyirdim. Tez yaddaşımı vərəqlədim. Götür-qoy elədim ki, bu adam nə üçün görüşə bilər mənimlə? Özü də bu qədər hirslidir. Görəsən, nə səhv eləmişəm, kimin bostanına daş atmışam? Nə qədər fikirləşdim, ağlıma bir şey gəlmədi. Zəng eləyən adam isə heç aradan yarım saat keçmədi ki, gəlib çıxdı. Yanında da iki nəfər. Əl uzatmaq istədim, amma dedim, birdən salamımı almaz, pərt olaram.
– Ala, həkimlər haqqında niyə ağzına gələni yazmısan – dedi.
O danışdıqca yanındakı iki nəfər tərs-tərs üzümə baxırdı. Lazım olsa məni bir dəqiqənin içində udardılar. Bircə ondan rahat idim ki, Bakı Dövlət Universitetində hamı məni tanıyır. Yəni öz meydanımdır. Elə öz meydanım olduğu üçün də oturan kimi çay sifariş elədim. Çay gələnə kimi oğlan söhbətinə öz üslubunda davam edirdi:
– Mənim bütün nəslim həkimdir. Atam, anam, bacım, arvadım... O nə yazıdır?
Mən öz məmləkətimi və onun adamlarını yaxşı tanıyıram. Bildim ki, burada mübahisə eləməyin yeri yoxdur. Əvvəla, onlara gücüm çatmaz. İkincisi, lap adam çağırıb necə lazımdır söhbət eləsəm də, yenə uduzan tərəf mən olacağam. O mənada ki məni daha çox qınayacaqlar. Ona görə də söhbəti çox uzatmadım. Dərindən nəfəs alıb qaqaşa dedim:
– Bir səhvdir olub, üzr istəyirəm.
Sonra əlimi qəndin üstünə qoyub and içdim:
– Bu bərəkət haqqı, xəbərim olmayıb. Bilsəydim, sənin atan, ana-bacın, həyat yoldaşın həkimdir, heç o yazını yazardımmı?
Xüsusən qəndə and içəndən sonra xeyli sakitləşdilər.
– Siz Allah, məni bağışlayın. Dönə-dönə üzr istəyirəm. Atana, anana, bacına, xanımınıza da mənim üzrxahlığımı çatdırın mütləq.
Ofisiant çayı gətirənə kimi söhbət bağlandı, üçü də mehriban və səmimi bir şəkildə sağollaşıb getdilər. Arxadan bir xeyli onlara tamaşa elədim. Yaxşı da geyinmişdilər. Ümumiyyətlə, baxan kimi bilirdin ki, onlarda hər şey var: sağlamlıq, boy-buxun, yaraşıq, ev-eşik, pul, maşın, qızlar... Bircə beyin yoxdur.
Kəramət Böyükçöl
Yazıçı
"Onlarda hər şey var: ev-eşik, pul, maşın, qızlar... Bircə beyin yoxdur"