"Əksəriyyətiniz 40 gündən çoxdur ki, rahat yata bilmirsiniz, bəlkə də ən çox narahatlığı bu gecə keçirimisiniz, çünki dünəndən yayılan xoş xəbərlərin intizarındasınız. Bilirsiniz ki, xilaskar Azərbaycan ordusu zəfər yürüşünü davam etdirir. Müharibə başlayan günü dərc etdiyim ilk postda "Füzuli azad olundu, yolumuz Şuşaya doğrudur" yazanda bir çoxlarınıza xəyal kimi görünən və əksəriyyətinizin də inanmadığı bir mesajı vermişdim. Hələ o zaman bəzilərində şühbə yaradan həmin açıqlama məndə ordumuza və dövlətimizin qüdrətinə güvəncdən qaynaqlanırdı. Həm də ilk gündən bilirdim ki, hədəf Şuşadır, Şuşaya gedən yol isə Füzulidən keçir".
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.
"Şükürlər olsun ki, Azərbaycan ordusunun rəşadətli əsgər və zabitləri qısa müddətdə Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Qubadlıda erməni bayraqlarını endirib, Azərbaycan bayrağını qaldırdılar. Aldığım məlumata görə, bayrağımız artıq dünəndən daha yüksək və şərəfli yerdə dalğalanır.
Əminəm ki, Şuşada dalağalanan bayrağımızın şəfəqləri bütün Qarabağı işıqlandıracaq. Tezliklə Xankəndi, Xocavənd təslim olacaq, bundan sonra Xocalı və Ağdama yolumuz açılacaq. Bundan sonra Şimal cəbhəsində döyüşən ordumuzun qarşısında duran ən vacib vəzifə Sərsəng su anbarını nəzarətə götürmək, Kəlbəcəri ermənilərdən təmizləmək olacaq. Ermənilərin düçar olduğu mənəvi və siyasi məğlubiyyətdən, hərbi uğursuzluqlardan sonra Şimal cəbhəsində irəliləmək Azərbaycan ordusu üçün çətin olmayacaq. Qarabağı ermənilər və minalardan təmizləyəndən sonra ilk növbədə Ermənistan və İranla sərhədləri müasir təhlükəsizlik, müşahidə və müdafiə sistemləri ilə təchiz edib, hətta ehtiyac yaranarsa Ermənistanla Azərbaycan arasında divarlar tikib, sonra Qarabağda yerli əhalinin rahat və firavan həyatı üçün əzmlə çalışmaq lazımdır. Bütün bunlar yaxın dövr üçün Yol Xəritəmiz olmalıdır! Bu xəritədə ermənilərlə birgə yaşayış mümkünsüz görünür. Çünki, onların son 41 gündə bizə etdikləri və hələ xalqın bilmədiyi çox pisliklər vardır. Eyni zamanda Vətən yolunda qurban gedən şəhidlərimizin ruhu, qanları, canları ilə Qarabağın torpaqlarını boyamış yaralılarımızın ahı bunu bizə bağışlamaz. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin, cəbhədə olan əsgər və zabitlərimizə güc, qüvvət versin, həmişə yüksəkliklər və zəfərlər nəsib etsin" - Q.İbadoğlu qeyd edib.
Şuşa ilə bağlı açıqlama: "Bayrağımız daha yüksək və şərəfli yerdə dalğalanır"