Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qarşıdan gələn parlament seçkiləri ilə bağlı toplanması ölkə gündəmim oldu.
Pravda.az-ın xəbərinə görə, partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov təmsil olunduğu qurumun deputatlığa namizədlərin siyahısı barədə Modern.az-ın suallarını cavablandırıb.
O, qeyd edib ki, siyahının dəqiqləşdirilməsi üçün partiya geniş tədqiqat aparıb: “5 il müddətində partiyanın deputat olan üzvlərinin parlamentdə fəaliyyəti, seçicilərlə münasibətləri, öz dairəsindən olan şəxslərin problemlərinin parlamentdə qaldırılması, beynəlxalq aləmdə Azərbaycanı təmsiletmə, dövlətçilik və digər məsələlərlə bağlı atdıqları addımlar nəzərə alınıb. Bunun nəticəsi olaraq, növbəti siyahı hazırlanarkən həmin məsələlər önə çəkilir. Tədqiqatların nəticəsində hansı xarakterli namizədlərin irəli sürülməsi, köhnə namizədlərin yenidən irəli sürülüb-sürülməməsi məsələsi seçicilərlə sosiaoloji sorğu şəklində müzakirə olunub. Nəticədə partiyanın namizədlər siyahısı tərtib edilib. Bundan əlavə partiya sədrinin tapşırıq və göstərişləri də bu məsələdə xüsusi nəzərə alınır. Həyata keçirilən islahatlar, burada Milli Məclisin oynadığı rol, xüsusilə YAP üzvləri tərəfindən qarşıya qoyulan vəzifələrin necə yerinə yetirilməsi diqqətə alınır”.