Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl və Füzuli rayonlarına səfərini izlədik. 44 günlük müharibənin zəfərlə bitən sonucunda Ali Baş Komandanın dərhal işğaldan azad edilən bu bölgələrə səfəri çox qürürverici bir hadisədir. Vətəndaşların Ali Baş Komandanın bu rayonlara səfərindən doğan böyük sevinc hissi üzlərindən, gözlərindən oxunurdu. Qarşılanma zamanı yaranan izdiham Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən qazanılan bu qələbənin miqyasını açıq göstərirdi, bu təntənə şanlı qələbənin əyani nümayişi idi. 30 il üzünə həsrət qaldığımız bu torpaqlarda artıq üçrəngli bayrağımız insanların ölkə Başçımıza olan sonsuz minnətdarlığının ifadəsi kimi yenidən dalğalanır. Bu da haqlı olaraq hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır.
Ölkə başçımız müxtəlif vaxtlarda regionlara səfər edir və bu cür izdihamlara da hər zaman şahid oluruq. Amma Qalib Ordunun Qalib Komandanı kimi işğaldan azad edilmiş ərazilərimizə - Cəbrayıla və Füzuliyə dərhal səfər etməsi ölkəmizin qarşısıalınmazlığının, məğlubedilməzliyinin göstərilməsi oldu. Bu səfər Müzəffər Ali Baş Komandanımızın qələbə yürüşü idi.
Hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdi. Dövlət-Xalq-Ordu Birliyi bir nümunəyə çevrildi. Ölkə başçısı bütün çətinliklərə sinə gərdi, bəzən hərbi forma geyinərək döyüş əməliyyatlarının idarə edilməsinə birbaşa nəzarət etdi, bəzən haqlı mübarizəmizin dünyaya çatdırılmasına xidmət etdi. Dünyanın ən reytinqli televiziya kanallarına, informasiya agentliklərinə müsahibələr verdi, dünya ictimaiyyətinə Azərbaycanın haqq savaşını ən incə detallarına qədər anlatdı.
Bu müsahibələr zamanı Prezidentimiz ayrı-ayrı ölkələrin maraqlarına xidmət edən jurnalistlərin məqsədli və qərəzli suallarına elə peşəkarlıqla cavab verirdi ki, bu cavab döyüş meydanında düşmənə vurulan zərbə qədər sərt və təsirli olurdu. Ermənistanın əsl simasını, mənfur xislətini, təcavüzkar siyasətini bir daha dünya birliyinə çatdıran Ali Baş Komandan həm işğalçı Ermənistana, həm də onun havadarlarına müharibədə məğlubiyyətə düçar olacaqlarının anonsunu da verirdi. Söhbətləri zamanı daim Ermənistanın siyasi rəhbərliyinin səriştəsizliyini, “küçə siyasəti” ilə dövlət siyasətinin yerini səhv salmasını, xalqımıza qarşı törədilən cinayətləri, baş verən saysız-hesabsız təxribat hallarını ardıcıllıqla sadalayır, düşmən ölkə tərəfindən beynəlxalq hüququn kobud şəkildə tapdalanmasına diqqət çəkirdi. Prezidentin dediyi sözlərlə döyüş bölgəsindəki uğurlu əməliyyatlar bir-birini dəqiqliklə tamamlayırdı.
Müharibənin başladığı ilk gündən etibarən cənab Prezident şəxsən özü müntəzəm olaraq xalqımızı baş verənlərlə bağlı məlumatlandırırdı. Hər bir Azərbaycan vətəndaşı gündəlik olaraq səbirsizliklə dövlət başçısının televiziyada çıxışını və ya “Twitter” sosial şəbəkəsində paylaşdığı xoş xəbərləri, işğaldan azad edilmiş ərazilərimizin elan edilməsini gözləyirdi. Təbii ki, başçısı olduğu ölkədə hər kəsin rəğbətini, məhəbbətini və dəstəyini qazanmaq bir Prezident üçün ən böyük mükafatdır. Bizim Ali Baş Komandan o mükafatın haqlı sahibidir.