Noyabrın 18-də Milli Məclisin Sədri Sahibə Qafarova TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Türk Akademiyasının prezidenti Darhan Xıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən xəbərə görə, parlamentin sədri görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə haqqında məlumat verib.
O bildirib ki, bu qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub:
“Qonaqların rəhbərlik etdiyi qurumlar bu gün türk dünyası ölkələri arasında əlaqələrin möhkəmlənməsi işinə böyük töhfələr verir. TÜRKPA bu istiqamətdə parlament əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Hazırda bu təşkilata sədrliyi Azərbaycan Milli Məclisi həyata keçirir. Qurumun sədri kimi biz Milli Məclis olaraq TÜRKPA-nın fəaliyyətinə lazımi dəstəyi bundan sonra da göstərmək niyyətindəyik. Çünki bu qurum təşkilata üzv ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsində böyük rola malikdir”.