Noyabrın 10-da imzalanan üçtərəfli bəyannamənin əksər müddəaları artıq öz həllini tapıb. Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad olundu. Bəs bundan sonra Qarabağda ermənilərin də yaşadığı digər ərazilərimizlə bağlı hansı addımlar atılacaq?
Xocalı şəhərinin deputatı Elman Məmmədov qeyd edib ki, Xankəndi, Xocalı kimi şəhərlərimizin əhali tərkibi və idarəçilik forması ancaq dövlət səviyyəsində müəyyənləşdirilə bilər:
"Mən əminliklə bir şey deyə bilərəm ki, Laçının işğaldan azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın daxilində qalan müəyyən problemlər ki var, Xankəndi, Xocalı, Xocavəndlə bağlı – bu məsələ dövlətlərarası danışıqlar nəticəsində müəyyən olunacaq. Təbii ki, dövlətlərarası deyəndə, məğlub olmuş Ermənistan ölkəsi bura daxil deyil. Burada Azərbaycan, Rusiya və Türkiyə dövlətləri arasında olan söhbətlər daxildir.
Millətindən asılı olmayaraq, Azərbaycan vətəndaşlığını alan şəxs burada yaşayacaq. Buna razı olmayanlar Azərbaycan sərhədlərindən kənara çıxarılacaq. Artıq nə olacaq, necə olacaq onu gedişat göstərəcək”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov da vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub:
"Cənab prezidentin dediyi kimi, Dağlıq Qarabağa status məsələsi artıq yoxdur. Rusiya Federasiyasından gələn sülhməramlıların orada yerləşdirilməsi, sadəcə müvəqqəti olaraq sülhməramlı missiyanı yerinə yetirmək üçün atılmış addımdır. Azərbaycanda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlıların üzərinə düşür.