Vətən Müharibəsinin nəticələri və milli birliyin yeni formulu
44 günlük Vətən Müharibəsinin elə ilk günlərindən aydın oldu ki, Azərbaycan ərazilərini işğaldan azad etmək üçün yetərli hərbi, siyasi gücə, bu vəzifənin öhdəsindən gəlmək əzmində olan peşəkar orduya malikdir.
Fərqli dünyagörüşü olan sosial qrupların, siyasi təşkilatların, milli mənafeləri siyasi mənafelərdən üstün tutan müxalifət qüvvələrinin çağırışları vətəndaş qarşıdurması vəziyyətində olan cəmiyyətin qısa müddətdə yumruq kimi birləşməsinə səbəb oldu.
Milli birlik, ilk növbədə qardaş Türkiyə Cümhuriyyəti olmaqla Pakistan, Ukrayna, İsrail kimi dövlətlərin Azərbaycana siyasi və mənəvi dəstək verməsi ordumuzda böyük ruh yüksəkliyi yaratdı.
Müasir silahlarla silahlanmış, yeni dövrün müharibə qaydalarına uyğun olaraq təlim keçmiş, vətənpərvər şəxsi heyətə malik olan ordumuz döyüş meydanında qələbələr qazanmağa başladı.
Qısa müddət ərzində müqaviməti qırılan düşmən ordusu bütün cəbhə boyu sürətlə geri çəkilməyə başladı.
Hərbi, siyasi, diplomatik məsələlərdə milli məfkurəyə əsaslanan 44 günlük müharibə dövründə ərazilərimizin böyük bir hissəsi, dörd rayonumuz, Hadrut qəsəbəsi, yüzlərlə kəndlərimiz, başlıcası isə müqəddəs Şuşa şəhərimiz işğaldan azad edildi.
Sentyabrın 26-dan noyabrın 9-dək olan 44 gün ərzində yalnız Qarabağ münaqişəsi ilə bağlı olan status-kvo dəyişmədi, həm də bu regionun ümumi geopolitik mənzərəsi dəyişdi.
Bu mənzərəni Azərbaycan, Azərbaycan Ordusu, fədakar Azərbaycan əsgəri dəyişdirdi.
Ordumuzun bu fədakarlığı, bu şücaəti çoxları üçün gözlənilməz oldu.
Nə Ermənistan, nə də bu ölkənin qüdrətli havadarları Azərbaycan Ordusunun belə sürətlə irəliyəcəyini, hər cür hərbi dəstək alan erməni ordusunun bu səviyyədə darmadağın ediləcəyini gözləmirdi.
Rusiya prezidenti Vladimir Putin müsahibələrinin birində, “Türkiyə Azərbaycana dəstək verərkən, niyə Rusiya Ermənistana uyğun dəstəyi vermədi” sualına cavab olaraq Rusiyanın Ermənistana odekvat dəstək verdiyini, bu sahədə balansın təmin edildiyini, lakin sonda döyüş meydanında fərqli mənzərənin yarandığını bildirdi.
Bu fərqli gerçəkliyi, döyüş meydanda dostları sevindirən, düşmənləri pərişan edən Azərbaycan Ordusu, öz ordusunun arxasında dayanan Azərbaycan xalqı yaratmışdı.
II Qarabağ müharibəsində Azərbaycan Ordusu Ermənistan Ordusuna, Türkiyə silahı Rusiya silahına qalib gəldi.
44 günlük müharibə dövründə əldə edilən uğurların qazanılmasında payı olanların sayı isə milyonlarladır.
Bu mühüm dövrdə hər kəsin dövlətimiz üçün xidmətləri zaman- zaman dəyərləndiriləcək.
İndidən bəlli olan və hər kəsin qəbul etdiyi həqiqət isə odur ki, bu qələbələrin əsas müəllifi Azərbaycan Azadlıq Ordusu, əsgər və zabitlərimiz, vətənin azadlığı naminə həlak olan, xatirələri heç vaxt unudulmayacaq şəhidlərimizdir.
İndi bəzi təhlilçilər Azərbaycanın bugünkü durumunu 26 sentyabrda olan durumla müqayisə edir, "Buna da şükür"- deyib təsəlli tapır.
Halbuki, Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşma təhlil edilərkən çıxış nöqtəsi 26 sentyabr vəziyyətindən yox, 9 noyabr vəziyyətindən götürülməlidir.
Noyabrın 9-da Azərbaycan Ordusu Şuşanı işğaldan azad etmiş, həm Şuşa, həm Xocavənd istiqamətindən Xankəndinin, Xocalının bir neçə kilometrliyinə qədər irəliləmişdi.
Erməni tərəfi də etiraf edir:
"Müharibə bir neçə gün də davam etsə, rus ordusu gəlməsə Qarabağı tam olaraq, birdəfəlik itirəcəkdik."
"Stepanakerti (Xankəndini) qorumaq üçün hərbi qüvvəmiz yox idi"
Bunu separatçı rejimin rəhbəri Arayik Harutunyan deyir.
"Ordu rəhbərliyi müharibəni dayandırmaq üçün mənə yalvarırdı."
"Bir neçə gün ərzində Ağdam istiqamətində 20 minədək ordumuz mühasirəyə düşəcək, ya əsir alınacaq, ya da məhv ediləcəkdi."
Bunu Ermənistan rəhbəri Nikol Paşinyan deyir.
"Müharibə bir-neçə gün də davam etsəydi biz daha acnacaqlı vəziyyətə düşəcəkdik."
Bunu da istefa vermiş Müdafiə Naziri Tonayan deyir.
Belə bir vəziyyətdə, yəni çıxış nöqtəsini 9 noyabrda mövcud olan gerçək vəziyyətdən götürsək üçtərəfli razılaşma Rusiya üçün böyük uğur, erməni tərəfi üçün isə vəziyyətdən uğurlu çıxış yolu idi.
Bu baxımdan N.Paşinyanın "Biz döyüş meydanında məğlub olduq, amma diplomatik meydanda yox"-bəyanatı təsadüfi deyil.
Paşinyan onu nəzərdə tutur ki, ordusu məhv olmuş, iqtisadiyyatı çökmüş, siyasi çəkişmələr burulğanında boğulan, qalib Azərbaycan Ordusunun Ermənistana qədər gələcəyini gözləyən bir dövlət müəyyən itkilərlə də olsa özünü və Azərbaycan ərazisində yaratdığı separatçı rejimi xilas edə bildi.
Üçtərəfli razılaşma nəticəsində bizim də əldə etdiyimiz ciddi nəticələr var.
5 min kv.km dən çox ərazisi olan 3 rayonumuz döyüş əməliyyatları keçirilmədən, şəhid qanı axıdılmadan azad edilib.
Atəşkəs nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə indidən bərpa işlərinə başlamaq üçün şərait yaranıb.
Üzərimizə daha böyük beynəlxalq basqıların qarşısı alınıb.