II Qarabağ müharibəsi Azərbaycan cəmiyyəti üçün həm də üzü ağ çıxdığı bir imtahan oldu. Əksəriyyət “hər şey Vətən üçün” deyib canlarından və mallarından keçməyə hazır olduqlarını dedi, vədinə xilaf çıxmadı.
Amma Vətən, müharibə mövzusu gələndə sinəsinə döyüb hay-həşir salanlar da oldu ki, ilk güllə səsində ortalıqdan itdilər, səsləri batdı. Quruca bəyanat verməyi də özlərinə rəva bilmədilər, umu-küsüləri kənara qoymadılar. Azərbaycanın ərazi bütövlüyünün təmini mövzusunda bütün umu-küsülər çox cılız, mənasız görünür.
Bu sırada cəmiyyətin gözləntiləri olan eks-deputat Hüseyn Abdullayev də, sabiq baş prokuror Eldar Həsənov da var. Hər biri həbsdə olsa da, illərlə Azərbaycan cəmiyyətinin diqqət mərkəzində olan şəxslər sırasında adları olub, bu gün də belədir. Bəs bu adamlar niyə susdular? Azərbaycan üçün çox kritik bir dönəmdə onların dəstək bəyanatlarını niyə eşitmədik? Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında deyib ki, mümkündür ki, bu, bir diqqətsizliyin nəticəsidir: “İnanmıram ki, hər hansı Azərbaycan vətəndaşı Qarabağın azadlığını istəməsin, əlindəki resursları əsirgəsin. O cümlədən adları çəkilən şəxslər də. Ola bilsin ki, bu haqda düşünməyiblər, bununla bağlı təşkilatçılıq olmayıb. Bu düşündürücüdür. İnanmıram ki, onların qəlbində belə bir fikir olsun ki, Qarabağ azad edilməsin. Və ya Azərbaycanın ərazisinin erməni işğalından azad edilməsinə sevinməsinlər. Niyə bəyanat verməyiblər məsələsi sual doğurur”.