Koronavirus pandemiyasının nə zaman başa çatacağı, yoluxma riskləri, virusun xüsusiyyətləri, əlamətləri, peyvəndlər barədə günümüzdə bir çox aktual suallar səslənir. Həkim-terapevt, tibb üzrə fəlsəfə doktoru, TƏBİB-in Stasionar xidmətin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva həmin suallardan bir neçəsi ilə bağlı fikirlərini açılayıb.
COVID-19-u keçirmiş şəxslərdə uzunmüddətli əlamətlər qalırmı?
Cənubi Koreyada aparılan araşdırmanın nəticəsinə görə xəstəliyi keçirmişlərdə hospitalizasiya olub-olmamasından asılı olmayaraq hər 10 nəfərdən 9-u yorğunluq, psixoloji və nevroloji pozğunluqlar, dad və iybilmənin itirilməsi kimi əlamətləri yaşamaqda davam edirlər.
Nə vaxt biz maskasız gəzə biləcəyik və sosial distansiya gözləməyəcəyik?
Bu, vaksin istehsalının necə olacağından, populyasion immunitetin necə yaranmasından asılıdır. Yenə də virus tam yoxa çıxmayacaq, lakin bir var maskanı orta hesabla hər kəs taxa, bir də var ki, risk qrupuna daxil olan yaşlılar, xroniki xəstəlikləri olanlar taxa.
Düşünürəm ki, gələn ilin yazına vəziyyət bu və ya digər dərəcədə dəyişəcək. Dünyanın bəzi regionlarında əhalinin çox hissəsi virusla qarşılaşacaq, populyasion immunitet yaranacaq, digər hissəsində vaksin əlçatan olacaq, yəni cəmi bir neçə ayı gözləmək qalır.