Xəbər verdiyimiz kimi, II Qarabağ müharibəsindən sonra Xankəndidə yaşayan ermənilər evlərini kütləvi şəkildə satışa qoyublar. Azərbaycan vətəndaşlarının da bir çoxu o evləri almaqda maraqlıdır. Bəs görəsən, vətəndaşlarımız Xankəndidə ermənilərin satdığı evləri, mənzilləri və digər əmlakları hansı qaydada ala bilərlər?
Bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, məsələ o qədər də sadə deyil: “Başa düşürəm ki, insanlarımız o evləri ermənilərin satdığı qiymətdən də baha almaq istəyirlər ki, təki onlar Xankəndidən çıxıb getsinlər. Amma burada çox mühüm problem var. Yəni bildiyimiz kimi, daşınmaz əmlak, torpaq və mənzil – bunların hamısının dövlət tərəfindən qeydiyyatı aparılmalıdır. Bu, bütün dünyada belədir, eləcə də Azərbaycanda. Yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun var və bu qanuna müvafiq olaraq Azərbaycanda da daşınmaz əmlakın reyestri aparılır. İstənilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi, bağışlanması və s. bütün bunların hər biri notariat qaydada həll edilməli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmalı, əmlakın mülkiyyətçisinə çıxarış verilməlidir.
Lakin məlumdur ki, Dağlıq Qarabağın hələ bizim tam nəzarət etmədiyimiz bölgələrində, o cümlədən Xankəndidə dövlətimiz tərəfindən daşınmaz əmlakın qeydiyyatı aparılmır. Buna görə də ermənilər oradakı əmlaklarının alqı-satqı məsələlərini özlərinin daxili, heç bir əsası olmayan, guya öz “qanunvericiliyi” əsasında həll edirlər. Təbii ki, istənilən halda alqı-satqı onların qondarma qanunvericiliyi əsasında həyata keçirilir. Yəqin ki, həmin proseslər orada qanunsuz fəaliyyət göstərən notariat ofisləri tərəfindən aparılır. Halbuki Azərbaycanda həmin notariat ofisləri dövlətin lisenziyası əsasında fəaliyyət göstərir. Bu baxımdan hansısa vətəndaşımız gedib qondarma “Dağlıq Qarabağ Respublikası”nın “qanunları” əsasında mənzil əldə etsə, belə çıxır ki, həmin azərbaycanlı ermənilərin uydurma dövlətini tanımış olur. Bu da əlbəttə cəfəngiyatdır. Heç kəs də bu addımı atmamalıdır. Sonra onlar bizə deyə bilər ki, baxın, sizin vətəndaşlarınız bizim respublikamızı və qanunları tanıdı. Bu baxımdan belə bir hal yolverilməzdir”.
Əkrəm Həsənov Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu diqqətə çatdıraraq, orada əmlakın alqı-satqısı ilə bağlı aparılan işlərin dövlətimizin lisenziya verdiyi notariat ofisləri tərəfindən təsdiqlənən müqavilələr əsasında həyata keçirilməli və Azərbaycan Respulikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmalı olduğunu bildirib: “Sadəcə indiki məqamda vəziyyətdən çıxış yolu belə ola bilər. Məlumdur ki, 10 noyabr bəyannaməsinə uyğun olaraq bütün qaçqın və məcburi köçkünlər öz ərazilərinə qayıtmalıdır. Mahiyyət ondan ibarətdir ki, iqtisadi, nəqliyyat və bir sıra blokadalar aradan qaldırılmalıdır. Bu da o deməkdir ki, alqı-satqı müqavilələri də olmalıdır. Və Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğu üçün orada istənilən daşınmaz əmlakın qeydiyyatı Azərbaycan qanunları ilə aparılmalıdır. Bu halda da bizim vətəndaşlarımız Xankəndidə əmlak ala bilərlər.
