Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlməyə davam edir.
Pravda.az məktublardan bir neçəsini təqdim edir:
“Cənab Prezidentimiz, tarix yazan Sərkərdəmiz İlham Əliyev.
Sizə İsmayıllı rayonunun Sulut kəndindən yazıram. Mənim 14 yaşım var. Sizə yazmağımın əsas səbəbi öz sevincimi bildirməkdir. Mən Qarabağ bölgəsindən olmasam da, Qarabağ azad olunanda çox sevinirdim. Çünki, Vətənin hər qarışı bizimdir. Vətən müharibəsindəki qalibiyyətimiz Sizin, Azərbaycan Ordusunun, Şəhidlərimizin, qazilərimizin və bir yumruq kimi birləşən xalqımızın sayəsində oldu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz tezliklə sağalsınlar. Bu şanlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz bizim əbədi Qəhrəmanımızsınız. Nə yaxşı ki, Sizin kimi başçısı olan müstəqil dövlətin vətəndaşıyam. Vətənə hər an xidmət etməyə hazıram. Biz bir olanda Azərbaycan oluruq! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Nərmin Fərəməzova
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Sulut kəndi”.
“Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin komandanlığınızla şanlı ordumuz tərəfindən işğal altında olan torpaqlarımız 30 ildən sonra mənfur erməni tapdağından azad olundu. Bu parlaq qələbə əsrlər boyu yaradılmış saxta erməni mifini darmadağın etdi. Əlbəttə, bu tarixi qələbəyə Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə, milli birliyimiz, dəmir yumruq kimi birləşməyimiz sayəsində nail olundu. Şanlı qələbə münasibətilə Sizi, xalqımızı, müzəffər Ordumuzu ürəkdən təbrik edirəm. Fəxr edirəm ki, Sizin kimi müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. Allah Sizi qorusun!
Hörmətli cənab Prezident, Sizin ölkədə qismən səfərbərliklə əlaqədar imzaladığınız Sərəncam mənim də ürəyimdən oldu. Həqiqi hərbi xidmət dövründə ağır artilleriyada təcrübə qazanmışdım deyə dərhal cəbhəyə könüllü yazılanlar sırasına qoşuldum. 2020-ci il sentyabrın 29-dan torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərə qatılmışam. Cəbrayıl, Füzuli, Qubadlı rayonları ərazisində erməni faşistlərinə qarşı şücaətlə vuruşmuşam. Yaralı döyüşçü yoldaşlarımı döyüş meydanından çıxarıb tibbi yardım məntəqəsinə çatdırılmasına kömək göstərmişəm. Hazırda Laçın rayonunda “N” saylı hərbi hissənin tərkibində qulluq edirəm. Əsgərlərimizin sırasında olmağımdan çox məmnunam və böyük qürur duyuram.
Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm.
Allah Sizi qorusun! Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Miryusif Abasov
Hazırda Laçın rayonunda xidmət edən könüllü əsgər
Azərbaycan Respublikası, Saatlı rayonu”.
“Möhtərəm cənab Prezident.
Qazandığınız tarixi Qələbəyə görə Türkiyədən şəxsən Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu günlərdə Qarabağdakı Qələbəmizin xoşbəxtliyini ürək dolusu yaşayırıq.
Çünki 30 ilə yaxın idi ki, hər gün bu zəfərin xəyalını quraraq yaşayırdıq. Ancaq bir gün həmin anın gələcəyinə, mütləq doğma torpağımıza qayıdacağımıza əmin idik. Allaha şükür ki, Qarabağ bu gün öz sahiblərini qazandı.
Bu 44 günlük dövrdə Sizin qətiyyətiniz və dik duruşunuz bizi qürurlandırdı, bu hisslər uzun illər unudulmayacaq. Fürsətdən istifadə edərək, Sizə və qalib Azərbaycan Ordusuna təşəkkür etmək istəyirəm. Şəhid əsgərlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm.
Cənab Prezident, səmimi qəlbdən inanıram ki, Sizin rəhbərliyiniz altında, irəliyə baxan güclü siyasətinizlə Azərbaycan hər il daha da inkişaf edəcəkdir.
İki dövlət, bir millət anlayışı hər birimiz üçün dəyərlidir. Türkiyə və Azərbaycan arasındakı dost münasibətləri hər keçən gün daha da inkişaf etdirilməsində Sizin və Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın fəaliyyətini yüksək qiymətləndiririk.
Hörmətli Prezident, Sizi bir daha təbrik edir, uzun ömür, cansağlığı arzulayıram. Ana Vətəndən Ata Vətənimə salamlar çatdırıram.
Hörmətlə,
Enver Türkoğlu
Türkiyə Respublikası, Ankara şəhəri”.
“Cənab Prezident.
44 günlük Vətən müharibəsində qələbə çalmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Mən Sizin bu Qələbənizi alqışlayıram. Bu Qələbə Sizin uzaqgörən, müdrik siyasətinizin nəticəsidir. Allah Sizdən və xalqımızdan razı olsun. Xalq Sizin ətrafınızda dəmir yumruq kimi birləşərək erməni terrorçularını torpaqlarımızdan qovdu.
Cənab Prezident, müharibə vaxtı etdiyiniz bütün çıxışlarınıza heyran qalırdıq, sanki rəhmətlik ulu öndər Heydər Əliyev danışırdı. Sizin çıxışlarınız dillər əzbəri olub. Sizin hər kəlməniz bizim üçün dəyərlidir. Ermənistan ordusunun təxribat törədərək Gəncəyə bir neçə dəfə raket atmasına baxmayaraq, Siz təxribata uymadınız. Öz uzaqgörən siyasətinizlə bu təxribatın qarşısını aldınız.
Allah Ulu Öndərimizə, şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin.
Hörmətlə,
Cavadovlar ailəsi adından
Məsud Cavadov
Azərbaycan Respublikası, Yardımlı rayonu, Ərsilə kəndi”.
“Möhtərəm Prezident.
Doğma Qarabağın düşməndən azad edilməsi və Vətən müharibəsinin tarixi Qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaşatmışdır. Sizin ulu öndər Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəniz və yüksək liderlik keyfiyyətləriniz, xalq arasında və dünyada böyük nüfuzunuz doğma Qarabağ uğrunda savaşda uğurlarımızın əsas şərti olmuşdur. Biz əminik ki, savaş meydanında əldə etdiyimiz tarixi Qələbənin ardınca Sizin rəhbərliyiniz altında Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.
Hörmətlə,
İslam Allahverdiyev
Azərbaycan Respublikası, Beyləqan rayonu”.
“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Mən Qarabağ müharibəsi əlili, vətənpərvər qarabağlı kimi torpaqlarımızın erməni faşistlərindən uğurla azad etdiyinizə, böyük zəfərin qazanılmasındakı xidmətlərinizə, tarixi ədaləti bərpa etdiyinizə görə Sizə minnətdarlıq edirəm.
Siz Vətənimizin bir parçası olan Qarabağımızın şəhər və kəndlərini – Şuşanı, Kəlbəcəri, Laçını, Ağdamı, Füzulini, Zəngilanı, Cəbrayılı, Hadrutu, Suqovuşanı və digər ərazilərimizi 30 illik həsrətdən sonra əsl sahiblərinə - bizə qaytardınız. Buna görə Siz bizim Fatehimiz, əvəzolunmaz Liderimizsiniz. Yorulmaz siyasi fəaliyyətinizə, hərbi sahədəki şücaətlərə və qəhrəmanlıqlara görə Sizin qarşınızda baş əyirik.
Ağdam rayonu Şıxbabalı kəndinin sakinləri, o cümlədən ailə üzvlərim adından, həmçinin döyüş yoldaşlarımın adından Sizə və komandanlıq etdiyiniz müzəffər Ordumuza səmimi təşəkkürlərimizi bildiririk.
Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, tarixi qələbələr və böyük zəfərlər arzulayırıq!
Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı qazilərimizin tezliklə sağalmalarını arzulayırıq.
Tanrı Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Sərdar İsmayılov
Ağdam rayonundan məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.
“Hörmətli cənab Prezident.
Mən Texniki-Humanitar Liseyin müəllimi, həmçinin Birinci Qarabağ müharibəsi veteranının qızıyam.
Məktubumla xalqımıza bəxş etdiyiniz Qələbəyə görə təşəkkür edirəm. Bu qələbə tarixini Sizin qətiyyətiniz, qardaş və bacılarımızın şücaəti sayəsində qazandıq. Məhz Siz xalqımızda bu qədər yüksək döyüş ruhu yarada bildiniz. Əsgərlərimizi ruhlandırdığınıza, onlardan diqqət və qayğını əsirgəmədiyinizə görə çox sağ olun. Siz 44 gün ərzində hər an bizimlə oldunuz, biz isə səbirsizliklə Sizdən xoş xəbərlər gözləyirdik.
Mən şəxsən Sizə müəllimlər adından çox sağ ol demək istəyirəm ki, bizi işğal altında olan tarixlər barədə dərs demək əzabından qurtardınız, yeni qalibiyyət tarixini şərəflə, qürurla uşaqlara öyrətmək imkanı verdiniz. Nəhayət, dərsliklərdə, gündəliklərdə ərazilərimizin işğaldan azad edildiyi günlər qırmızı rənglə qeyd ediləcək.
Bizim liseyin məzunu Aqşin Novruzov da Vətən müharibəsinin şəhidi zirvəsinə ucalıb. O daim bizim qəlbimizdə yaşayacaq və arzu edirik ki, bir vaxtlar liseyimiz onun adını daşısın.
Biz şagirdlərimizi Vətənimizin bir parçası olan Qarabağımıza, Azıx mağarasına, Xudafərin körpüsünə, Pənahabad və Şahbulaq qalalarına, Xudavəng, digər alban kilsələrinə ekskursiyaya aparacağımız günləri səbirsizliklə gözləyirik.
Biz onlayn rejimdə şagirdlərimlə birlikdə Sizin çıxışlarınızı izləyirdik. Şagirdlərim Sizin tarixi, coğrafi biliklərinizə, müxtəlif dillərdə natiqliq qabiliyyətinizə heyran olur və bu da onları daha yaxşı oxumağa həvəsləndirirdi.
Əziz Prezidentimiz, şükürlər olsun ki, xalqımızın Sizin kimi Lideri var. Allahdan Sizə möhkəm cansağlığı və uzun illər arzulayıram.
Düşmən qarşısındakı başucalığımıza görə Sizə bir daha təşəkkür edirəm.
Hörmətlə,
Cəmilə İmamverdiyeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu”.
“Möhtərəm cənab Prezident.
Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Sizin kimi bir Liderimiz olduğu üçün fəxarət hissi keçiririk. Vətən müharibəsində bütün qərarları lazımı anda verdiniz, qətiyyətli addımlar atdınız. Bununla da bütün dünyaya necə böyük bir Lider olduğunuzu bir daha göstərdiniz.
Mən məhkumam. Hər gün televiziyadan bütün çıxışlarınızı böyük qürur hissi ilə izləyirəm. Siz dünyanın ən böyük Liderisiniz. Xalqımızın qəhrəmanısınız!
Sizə olan minnətdarlıq hisslərimi ifadə etməyə söz yetməz. Şəhidlərimizin, o cümlədən atamın, həmçinin minlərlə qazilərimizin intiqamını aldığınız üçün Sizə təşəkkür edirəm. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Liderimizsiniz!
Hörmətlə,
Hüseyn İbadov
Məhkum
Azərbaycan Respublikası, Şəki şəhəri”.
“Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanımız.
Sizin uzaqgörən siyasətiniz, iradəniz və müzəffər Ordumuzun şücaəti sayəsində çoxəsrlik tariximizin ən parlaq səhifələrindən birinə şahidlik edirik.
1993-cü ildə ətraf rayonların işğalından sonra sağ qalmaq üçün yeganə yolumuz sakini olduğumuz Zəngilan rayonu, Bartaz qəsəbəsindən Arazın o tayına keçməklə köçkün taleyimizə qədəm qoyduq. On yaşlı bir uşaq üçün Arazın o tayında gözlə görünən evinə qayıda bilməmək hisslərini sözlə ifadə etmək olmur. Orada bir neçə gün qaldıqdan sonra qayıtmağın mümkün olmayacağını başa düşüb İran ərazisindən keçməklə İmişlidə, indiki Şirvan rayonunda və nəhayət, Bakıda məskunlaşdıq.
Torpaqlarımızın işğal altında qaldığı illər ərazi bütövlüyümüzün bərpası həsrəti ilə keçdi. Sizin bu istiqamətdə uğurlu fəaliyyətiniz göz önündə idi və bizdə böyük ümidlər yaradırdı. Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlar tətbiq etsə də Sizin uzaqgörən siyasətiniz bütün maneələrin öhdəsindən gəldi.
Bu gün artıq torpaqlarımız azaddır və mənim yarımçıq qalan o xoşbəxt uşaqlığımı, övladlarımla birlikdə sonrakı həyatımı dədə-baba yurdumda davam etdirəcəyəm.
Əminəm ki, bu çətin günlərdə bizi birləşdirib düşmənin başını əzən dəmir yumruğunuz qayğıkeş əllərə çevrilib yurdumuzu bərpa edəcək.
Sizə və rəşadətli Ordumuza minnətdarlığımı bildirir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Sizi möhtəşəm Qələbəmiz münasibətilə ürəkdən təbrik edir və müstəqil Azərbaycanımızın inkişafı istiqamətindəki fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Asif Hacısoy
Zəngilan rayonu Bartaz qəsəbəsinin sakini
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.
“Hörmətli cənab Prezident.
Bu gün Sizə səmimi ürək sözlərimi yazmaqdan şərəf duyuram. Siz həm bizim Prezidentimiz, həm də Xalq Qəhrəmanısınız. Çünki Siz hər zaman xalqın marağını hər şeydən üstün tutursunuz.
Ermənilərin havadarları nə qədər güclü olsa da Sizin zəkanız, düzgün qərarlarınız bu gücə qalib gəldi.
Bu Qələbə Sizin şah əsərinizdir. Bu əsərin ərsəyə gəlməsində Vətən üçün ölümün gözünə dik baxan igid əsgərlərimizin də payı çoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizə uzun ömür versin.
Sizin uzaqgörən siyasətiniz, iradəniz və müzəffər Ordumuzun şücaəti sayəsində çoxəsrlik tariximizin ən parlaq səhifələrindən birinə şahidlik edirik.
Naxçıvanla quru sərhədimizin bərpa olunması siyasi mübarizənizdə alqışalayiq bir qələbədir. Allah Sizi, bu mübarizədə bizə dəstək olan dost ölkələri, onların liderlərini qorusun!
Xalqımız Sizi sevir, ona görə ümid edirik ki, ömürlük bizim Prezidentimiz olacaqsınız. Sizin sayənizdə əldə olunan Qələbə bizi dünyanın ən xoşbəxt, ən zəngin insanlarına çevirdi. Ulu Tanrı Sizə yar olsun!
Hörmətlə,
Qeyrət Ağayev
Azərbaycan Prezidentinə yazırlar: “Siz bizim əbədi Qəhrəmanımızsınız”