Pandemiya dövrü bir çox sahələrdə tənəzzül yaratdığı kimi öz mənfi təsirini şou sektorunda da göstərib.
Maraqlıdır, qazancları əsasən toylardan və şou proqramlarından formalaşan müğənnilərin hazırkı maddi durumları necədir? Toysuz qalan müğənnilər hazırda nə işlə məşğuldurlar və hardan gəlir əldə edirlər? Mövzu ilə bağlı Sfera.az-a danışan Əməkdar artist Baloğlan Əşrəfov hazırda heç bir işlə məşğul olmadığını bildirib: "Nədənsə bu mövzular gündəmə gələn kimi ilk yada düşən müğənnilər olur. Hər kəsə bəllidir ki, bizim maddi qazancımızı toylar təşkil edir. Hazırda dövlətdən aldığım maaşla dolanıram. Buna da şükür edirəm. Allah nə verirsə onunla da dolanırıq. Bu tək bizim ölkənin bəlası deyil ki? Hamımız dərk etməliyik ki, bu dünyanın bəlasıdır və özümüzü qorumaqdan başqa çarəmiz yoxdur. Heç kim şikayət edə bilməz, çalışmalıyıq ki, özümüzü birtəhər yola verə bilək".