“2020-ci ilin əvvəllərindən başlayaraq koronavirus pandemiyası tüğyan etdi. Demək olar, bütün ölkələr qapanmalar həyata keçirdi. Azərbaycanda da bu qapanmalar tətbiq edildi. Bu şəraitdə ölkəmiz sentyabrın 27-də işğal altında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatları keçirdi. 44 günlük Vətən Müharibəsindən sonra 30 illik həsrətə son qoyuldu. Düşünürəm, çətinliklərə baxmayaraq, 2020-ci il ölkəmiz üçün düşərli il oldu”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov qeyd edib ki, buna Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti sayəsində nail olduq: “Qəhrəman ordumuz Ermənistan ordusunu darmadağın etdi, düşməni diz çökdürdü. Biz təkcə Ermənistanın deyil, erməni faşizminin, onların havadarlarının üzərində qələbə çaldıq. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində diplomatiya, informasiya sahəsində də qalib gəldik.
