Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. Və qaliblər üçün məşhur bir deyim var: qaliblər mühakimə olunmur. Amma, bu qalibiyyəti sinirə bilməyən o qədər yekə qüvvələr var ki, bəziləri bizi birbaşa, bəziləri dolayısı yolla mühakimə etmək istəyirlər. Səbəb-qalibiyyətimizin son nöqtəsinin qoyulmamasıdır.
Şuşanı azad edəndən sonra onsuz da dövrədə olan Rusiya 9 noyabrda açıq şəkildə dövrəyə girdi və Qarabağ qələbəmizi Ermənistan üzərində yükləyib, keçmiş DQMV-in 72 faizinə “sülhməramlı” adı ilə qoşun yeritdi və bu ərazini Ermənistanın və Azərbaycanın təsirindən maksimum çıxarmağa çalışmaqla, hər iki Cənubi Qafqaz ölkəsini özündən asılı vəziyyətə salmaq siyasətini davam etdirir.
2020-il başa çatdı və Azərbaycan cəmiyyətində tarixi qələbə hisslərilə yanaşı narahatçılıq, nigarançılıq, gərginlik ovqatının yaşandığını görməmək mümkün deyil. 10 noyabr Bəyanatının imzalandığı gündən sonra Rusiya qoşunlarının Qarabağa girməsində müsbət tərəflər axtarmağa çalışanlarla, bunu uzunmüddətli gərginlik ocağı hesab edənlər arasında (ikincilər daha çoxdur) ciddi mübahisələr gedir. Artıq iki ay keçib və nəzarət edə bilmədiyimiz yerlərdən hər gün gələn informasiyalar ikincilərin narahatçılığını artırsa da, müsbət tərəf axtaranlar kürəklərini yerə vurmadan bəraət axtarmaqla, qarşı tərəfə əsassız olsa da itihamlar yağdırırmaqdan çəkinmirlər.
2021-ci ildə Rusiya və Ermənistan hərbi birləşmələrinin nəzarəti altında olan Azərbaycan Respublikasının ərazilərində bizi nə gözləyir? Ümumiyyətlə, işğal altında qalan Qarabağ torpaqları ilə bağlı 2021-ci ildə Azərbaycanın planı nədir? Hansı addımlar gözlənilir? Gözlədiyimizlərin içərisində gözlənilməzliklər də varmı?
Bir gözlənilməzlik artıq iki aydır ki, davam edir. İşğal torpaqlarında istər Rusiya tərəfdən, istərsə də Ermənistan tərəfdən atılan addımlara Azərbaycan Respublikasının birmənalı reaksiya bildirməməsi. Hər iki tərəfin, əlavə olaraq cinayətkar Araik rejiminin birbaşa maraqlarımızın əleyhinə gördükləri sükutla qarşılanır. Ermənistan silahlı qüvvələrinin və “Artsaxın müdafiə ordusu” adlandırılan silahlıların işğal etdikləri ərazilərdə sərbəst hərbi quruculuqla məşğul olması, yeni istehkamlar qurması, ordu və sərhəd mühafizə xidməti yaratması göstərir ki, düşmən yeni müharibəyə hazırlaşır və onun havadarı “sülhməramlılardır”, çünki əsl məramı məlum olanlar, bu dəfə kənardan yox, açıq şəkildə tərəf olacaqlarını Bəyanatla rəsmiləşdiriblər. Maliyyəsini də elə Rusiya özü həll edir. Köhnə ilin son günü Qarabağ ermənilərinə yardım üçün 10 milyon avro rəsmən ayrılandan sonra Araik Arutunyan da, Vitali Balasanyan da minnətdarlıq ifadə edib, “təhlükəsizliyimiz üçün bu maliyyə mühüm rol oynayacaq” bildirmişdilər. Minnətdarlıqda sosial problemlərin həllinin deyil, məhz “təhlükəsizlik” məsələsinin vacib olduğu vurğulanır. Aydın məsələdir ki, bu rəqəm çox kiçikdir, amma burada əsas məsələ düşmənin məramıdır, nəyə hazırlaşdığının göstəricisidir. Düşmən bunula bizə inteqrasiya etməyəcəyini, Azərbaycan yurisdiksiyasına daxil olmayacağını, müharibə edəcəyini bildirir. Revanşa hazırlaşan, hazırlaşdırılan düşmənə qarşı sərt mövqe bildirməsək onlar dişlərini daha da qıcayacaq. Biz niyə bunları nəzərə almayaq ki? Rusiya ilə məxvi danışıqların olduğunu, sonunda hər şeyin bizim nəzarətə keçəcəyini deyənlərin arqumenti yalnız qiybət səviyyəsindədir. Hətta, belə bir gizli danışğın olması da bizi zəruri olan siyasi addımlardan çəkindirməməlidir.
Ötən ilin dekabrın sonlarında açılışı gözlənilən aeroportun bu ilin Yanvarın 10-da rəsmi istifadəyə veriləcəyi gözlənilir. Bu, gözlənilən gözlənilməzlikdir və onun bizim üçün necə fəsad yaradacağını elə rusiyalı politoloq Tarasov S. belə ifadə edir: ”Stepanakertdə (ruslar heç vaxt Xankəndi demirlər) hava limanının açılması və Rusiya ilə Dağlıq Qarabağ arasında birbaşa rabitənin yaranması bölgədəki prosesin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Bu, Qarabağ anlaşmasını imzayan tərəflər üçün, o cümlədən Türkiyə üçün də Dağlıq Qarabağda həssas bir stress – testdir”. Azərbaycan bu stress-test imtahanından çıxacaqmı? Əslində, qalib dövlət üçün belə suallar verilməməlidi, amma gedən proses şübhələr yaradır.