“Atamın xatirəsi” layihəsində böyük aktyor, Xalq artisti Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə müsahibəni təqdim edirik.
- Gülnarə xanım, layihəyə dəvən olunarkən atanızla bağlı ən çox nəyi xatırladınız?
- Əlbəttə, xatirələr çoxdur. Atam rəhmətə gedəndə mənim on bir, bacım Xurşidin on üç yaşı vardı. Buna baxmayaraq, bizim ən xoşbəxt, sevinc dolu illərimiz atamla olan illər idi. Atamın məşqləri, tamaşaları, işləri çox olurdu, amma o, bizə çox vaxt ayırırdı. İşdən imkan tapan kimi məni, bacımı gəzməyə də aparardı, qastrollara da gedirdik.
- Atanız gec ailə həyatı qurub. On beş il ananızdan cavab gözləyib.
- Elədir. Atam anamdan “hə” cavabı almaq üçün on beş il gözləyib. O, hər dəfə elçilərini göndərsə də, ona yox cavabı verirmişlər. Atam isə öz fikrində qalıb, deyib, mən ancaq Sevda ilə evlənəcəm. Nəhayət 1957-ci ildə atamın 46, anamın 32 yaşı olanda onlara ailə qurublar. Mən anadan olanda atamın 48 yaşı olub. O, həmişə deyirdi ki, mən bilmirəm uşaqlarımın böyüməsini, toylarını görə biləcəm, ya yox. Ona görə də çalışırdı ki, bizimlə çox vaxt keçirtsin. Anam çox ciddi və bizim üzərimizdə nəzarəti güclü olan adam idi. Amma atam bizə heç vaxt yox deməyib. O, bizim bütün ərköyünlüyümüzə dözürdü və nə deyirdik, əməl etməyə çalışırdı.
- Lütfəli müəllimi insan və ata kimi necə xarakterizə edərsiniz?
- Atam komik aktyor olsa da ciddi adam idi. Atamın səsli gülüşünü eşitdiyimi xatırlamıram. Nəsə gülməli əhvalat danışırdı, onun ətrafındakı adamlar qəhqəhə ilə gülürdülər, ancaq o, gülümsünürdü. Onun özünü nə zamansa yüngül apardığının şahidi olmamışam. Ümumiyyətlə, bizim ailədə çox ciddi atmosfer vardı.
- Mühafizəkar kişi olub. Hətta sizin aktrisa olmaq istəyinizə də yox deyib?
- Mən uşaqlıqdan istəyirdim baletə gedim. Rəhmətlik Qəmər Almaszadə bizim evə gəlib-gedən adam idi. Bir gün o, məni yoxladı və atama dedi ki, mən bu qızı ulduz edəcəm. Atam dedi, nə, elə bircə bu qalıb ki, mənim qızımı səhnədə kimsə qucağında ora-bura aparsın. Bu cür söhbətlər bizim evdə qadağan idi. Atam bizə demişdi ki, siz səhnəyə çıxsanız, ancaq pianoçu kimi çıxa bilərsiniz. Mən də, bacım Xurşid də Bülbül adına musiqi məktəbində oxumuşuq. Ancaq səhnəyə çıxmamışıq. Bilirəm ki, atam heç bizim rejissor olmağımıza da icazə verməzdi.
- Ananıza qarşı münasibəti necə idi, onu qısqanırdı?
- Axırıncı günə qədər anam onun üçün hər şey idi. Atam hər gün evə gül-çiçəklə gəlirdi. Mənə elə gəlir ki, onlar bir yerdə ola bilmədikləri on beş ilin əvəzini çıxırdılar. Bir də onun anama sevgisindən başqa həm də çox böyük hörməti vardı. Bununla yanaşı, əlbəttə anamı qısqanırdı. Anam alman dili mütəxəssisi idi. Atamla ailə quranda atam ona demişdi ki, mən istəmirəm, sən işləyəsən, əgər işləmək istəyirsənsə, onda professor olacaqsan. Anam isə işləmək istəyirdi. Ona görə razılaşdı. Yadıma gəlir, onun işləməsi, yüksəlməsi üçün atam hər cür şərait yaratmışdı. Bəzən anam elmi işlə bağlı üç, dörd ay Moskvada qalırdı. Atam evin bütün işlərini qaydasına salırdı. Bizim evə üç, dörd qadın gəlirdi. Biri təmizlik işlərini edir, o biri təsərrüfata baxırdı. Anam ancaq xörək bişirirdi. Atam da anam bişirən xörəkləri yeyərdi. Bizə isə dayələr baxıb, qulluq edirdi. Atam anamı bütün ev işlərindən azad etmişdi. Anam 35 il Dillər Universitetində kafedra müdiri işlədi, çoxlu kitab yazdı. Anamın Ömər Faiq Nemanzadə ilə qohumluğu var. Ömər Faiq Nemanzadənin bacısı Şahzadə Nemanzadə anamın ata nənəsidir.
- Lütfəli müəllim məişətdə necə idi: bazara-dükana gedirdi?
- Biz heç vaxt Bakıdan heç nə almamışıq. Səhər açılan kimi rayondan bizə paylar, bağlamalar gəlirdi. Atam əti çox sevirdi. Ətdən tutmuş, yağa, çörəyə qədər hər şeyi rayondan göndərirdilər.
- Kimlər göndərirdi?
- Dostları. Bəzən, elə olurdu, heç bilmirdik kimlər yollayır. İri zənbilləri gətirib qapıya qoyurdular, deyirdilər, misalçün Əhməd müəllim göndərib. Qalırdıq məəttəl ki, görəsən Əhməd müəllim kimdir?
- Atanız həm də çox qohumcanlı adam olub...
- Atam rəhmətə gedəndən sonra bizim “Jek” müdiri gəlib anama demişdi ki, ay Sevda xanım, sizin evdə iyirmi nəfərə yaxın adam qeydiyyatdadır. Kim Şəkidən gəlirdi, evi yox idisə, onun üçün ev tuturdu, pulunu verirdi. Buna imkan olmayanda da bizim evə qeydiyyata saldırırdı. Biz çox hadisələri atam öləndən sonra bildik. O, elə məsələlər haqqında gəlib evdə danışmağı xoşlamırdı. Bizdə, qonşuda Ağəli adlı kişi vardı. Maşın yuyurdu, gətir-götür işlərinə baxırdı. İçən adam olduğuna görə papa onun ləqəbini “Ley-pey” qoymuşdu. Bir dəfə o, kiminsə maşınını yuyanda maşından nə isə itir, Ağəli əmini həbs edirlər. Üç-dörd il həbsxanada yatdığı müddətdə atam onların ailəsinə köməklik edib. Bunu da biz papa öləndən sonra bildik. Ağəli əminin arvadı Gülsüm xala bizə gələndə demişdi ki, onların ailəsini, beş uşağı, demək olar, atam saxlayıb. Onları instituta qoyub, hər gün bazarlıq edib həm evlərinə, həm də həbsxanaya yollayıb.
- Özü içən adam idi?
- Bilirsiniz, mən heç vaxt atamı içkili görməmişəm. Bizdə qonaqlıqlar olanda bir az içirdi. Amma içib sərxoş olduğunu görməmişik. Onu da bilirdik ki, atam bir rumka içki içsə, olurdu ürək. Nə istəyirdinsə istə, dərhal yerinə yetirərdi. Əgər həmin vaxt mama desəydi ki, indi Moskvada gəzmək istərdim. Bir saatın içində bilet alırdı, anamı da qoltuğuna vurub Moskvaya uçurdu. Beş-altı saatdan sonra da qayıdırdılar Bakıya. Anamın sözü onun üçün qanun idi.
- Yəqin, atanızın da sözü ananız üçün o qədər keçərli olub.
- Əlbəttə. Atam içəri girəndə, anam iş görsə də, yazı yazsa da mütləq ayağa qalxırdı. Biz də həmçinin. Hərəmiz bir tərəfə qaçırdıq, onun əşyalarını gətirirdik. Bacımla mən onun “tapıçka”larını gətirmək üstündə bir-birimizi öldürürdük. Evdə atamın hörməti çox böyük idi.
- Şəmsi müəllimlə də, həm yaxın qonşu, iş yoldaşı və çox yaxın dost olublar.
- Atamın elçiliyini Şəmsi müəllim edib. O, nənəmin yanına ilk dəfə gedəndə nənəm ona deyib ki, ayıb olsun sənə. Sən Bədəl bəyin nəvəsi gör, kimin üçün mənim qapıma elçiliyə gəlmisən. Lütfəli heç olmasa dram aktyoru olsaydı, sənə acığım tutmazdı. Şəmsi müəllim təbii ki, pərt olub. Ömrünün axırına qədər deyirdi ki, Lütfəli məni Xədicə xanımın yanında pərt elədi. Biz Şəmsi əmigilin ailəsi ilə çox yaxın olmuşuq. Demək olar ki, hər gün bir-birimizin evinə get-gəlimiz olub. Bizim qapımız Şəmsi əmigilin eyvanından görsənirdi. O, hər səhər binokl ilə baxırdı bizə tərəf. Görürdü ki, bizə rayondan, kənddən paylar gəlir. Tez zəng vurub deyirdi, Lütfəli, ətdən, lavaşdan, pendirdən bizə də göndər. Atam da gülürdü, deyirdi, ay Şəmsi, imkan ver, yaşayaq də. Şəmsi müəllimin həyat yoldaşı Leyla xanım, oğlu Fərhad atam üçün çox əziz insanlar idi. Amma bir şeyi də deyim ki, bacım da, mən də uşaq olanda Fərhaddan zəhləmiz gedirdi. O, bizdən yaşda çox böyük idi. Mənimlə on beş il yaş fərqi vardı. Fərhad bizim evə gələndə, biz ağlayırdıq, bizi başqa otağa aparırdılar. Onu atama çox qısqanırdıq. Ona görə ki, atam indi istəməsin, Fərhadı çox istəyirdi. Fərhad onun üçün hər şey idi.
- Bu istək özünün oğlu olmamasından qaynaqlana bilərdi?
- Bəlkə də. Bizə evdə cehiz kimi nə alınırdısa, ondan mütləq üç dəst olurdu. Yadımdadı Fərhad bir dəfə xarici müsabiqədə birinci yer tutub qayıdanda vağzalda onu qarşılayırdıq. Atamın onda həyəcandan ürəyi tutdu, onun üçün təcili yardım gəldi. Atam rəhmətə gedəndən sonra onun dostları Süleyman Ələsgərov, Vasif Adıgözəlov və başqaları gəlirdilər. Ancaq Şəmsi əmi kimi sadiq dost olmadı. Qırx gündən sonra bizim ev boşaldı. Ancaq Şəmsi müəllim bizi unutmadı. O, bizim evimizin böyüyü idi. Bizim evimizin bütün problemlərini, işlərini Şəmsi müəllim həll edirdi. Şəxsən mən kinoya getmək üçün anamdan icazə istəyəndə deyirdi, zəng vur, Şəmsiyə, ondan soruş. O, icazə versə, gedərsən.
- Lütfəli müəllimin ən uğurlu tandemlərindən biri Nəsibə Zeynalova ilə alınmışdı. Onunla münasibəti necə idi?
- Çox gözəl. Biz bu günə qədər də Cahangirlə bacı-qardaş kimiyik. Nəsibə xanımın ailəsi ilə çox yaxınıq.
- Amma bildiyimə görə, Nəsibə xanım sizdə heç vaxt qonaq olmayıb
- Olub, olub. Mütəllim müəllimlə onlar həmişə bizə qonaq gəlirdilər. Hətta mənim yadımdadır ki, yayda biz onlarla Kislavodskiyə istirahətə birgə gedirdik.
- Lütfəli müəllim Dusya adlı bir malakan qızını da övladlığa götürüb. Bunun tarixçəsi barədə nə deyə bilərsiniz?
- O vaxtlar Malakan bağına malakan kəndindən qadınlar gəlirdi. Onların çoxunu dayə kimi evlərə işə götürürdülər. Ona görə ki, həm çox təmizkar, həm də düz olurdular. Atam da bir gün gecə on ikidə tamaşadan qayıdanda görüb bir qız tək oturub, yanında heç kim yoxdu. Yaxınlaşıb soruşub ki, sən burda nə edirsən, o da deyib, məni burda heç kim işə götürmür. Atam onu evə gətirib anama tapşırmışdı. Demişdi, yazıqdı, uşaqdı, başına hər iş gələ bilər. O, 1957-ci ildə bizim evə gəldi. 2001-ci ildə də elə bizim evdə rəhmətə getdi. O bizə ikinci ana kimi idi. Və Dusyanın sözü bizim evdə birinci idi. Atam ona böyük qızı kimi baxırdı. Onun ailəsi yaşayan Hilmili kəndinə getdi, ailəsini tapdı. Bundan sonra həmin kənd atamın üstündə idi. Hamısına köməklik edirdi. Ərzaqdan tutmuş, traktora qədər hər şeyi danışıb ora göndərtdirirdi. Təzə bazarın müdiri atamın yaxın dostu idi. Atam o kənddən gəlib orda kələm tutması satan adamlar üçün yer də ayırtdırmışdı və bunun üçün malakanlar pul ödəmirdilər. Hamı da deyirdi ki, o yer Lütfəlinin yeridi.
- Lütfəli müəllim teatr aktyoru idi. Teatr isə özünəməxsus intriqaları olan məkandır. İş həyatında belə intriqalar olurdumu?
- Atam teatrda ağsaqqal idi. Bunu bütün aktyorlar bilir. İndi sağ qalanlar da təsdiq edər. Baxmayaraq ki, Şəmsi müəllim və ondan da yaşlı adamlar teatrda var idi. Şəmsi müəllimin teatrda direktor kimi də, müdir kimi də böyük avtoriteti olub. Ancaq teatrdakı bütün səliqə-səhmana atam baxırdı. Orada heç kimin intriqa aparmağa ixtiyarı yox idi. Mən atamın nə kişi, nə də qadın haqqında pis söz dediyini eşitməmişəm. 73-cü ildə atam rəhmətə gedəndən sonra Şəmsi müəllim də teatrdan çıxdı. O, anama demişdi ki, mən Lütfəlisiz bunlarla bacarmaram. Halbuki, yenə deyirəm, o, teatrda çox hörmətli adam idi, Hamı "dayı" deyirdi ona. Inanın ki, maaş günü atam heç vaxt pulunu evə gətirmirdi. Anam gülürdü, deyirdi, ay Lütfəli, maaş hanı? Atam deyirdi, maaşı işdə ehtiyacı olan adamlara verdim.
- Bəs özünün qazancı hardan olurdu?
- Bilirsiniz, onlar qastrollarda yaxşı pul qazanırdılar. Tutaq ki, bir gündə iki tamaşa olmalı idisə, atamgil altı tamaşa verirdilər.Həmin əlavə tamaşaların pulu aktyorlara qalırdı. Atam qastrollardan gələndə bir neçə gün yataqdan qalxa bilmirdi. Bizim üçün isə ən böyük bayram teatra və atamın tamaşalarına getmək idi. Anam gündəliklərimizə baxırdı, əgər yaxşı qiymətlər vardısa, bizə icazə verirdi ki, teatra gedək.
- Atanızı səhnədə görəndə nə hiss keçirirdiniz?