Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “WhatsApp”ın gizlilik şərtlərini dəyişməsiylə bağlı gedən müzakirələrə münasibət bildirib.
Pravda.az-ın məlumatına görə, O.Gündüz bildirib ki, Azərbaycandilli sosial media məkanı, media qurumları "WhatsApp"la bağlı məsələni çox, ifrat dərəcədə şişirdirlər: "Düşünürük ki, ciddi narahatlıq üçün əsaslar yoxdur. Biz uzun müddətdir ki, bütün sosial resurslardan, o cümlədən "WhatsApp"dan pulsuz bəhrələnirik.
Yəni, pulsuz olaraq bizə xidmət göstərilir. Xatırlayaq ki, biz bununla xeyli problemlərimizi həll edirik, xidmətlər alırıq, bu resurslar bizə karyera qurmağa, informasiya mübadiləsinə, pul qazanmağa, biznes qurmağa kömək edir.
Təbii ki, əvəzində bizim datalardan da, uzun müddətdir ki, "Facebook" da, digərləri də istifadə edir.
İndi də, "WhatsApp" da "Facebook"a məxsus olduğundan bu datalardan "WhatsApp" reklam məqsədilə də istifadə olunacaq.
Yəni, pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır. Adi istifadəçinin adi yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur.
Sadəcə, düşünürəm ki, dövlət qurumlarının, böyük biznes qurumlarının, xidməti və əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Fikrimcə, vətəndaşlarımızın və qeyri-dövlət sektorunun, imkan daxilində, inkişafı üçün bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı. Pulsuz bizə təqdim olunan bu qlobal resurslardan inkişaf üçün, biznes üçün, karyera və xidmətlər almaq üçün maksimum bəhrələnməliyik.
Bu resusların sahibi xarici vətəndaş olduğundan, resurs xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var.