BURADA REKLAMINIZ OLA
BİLƏR

Zahid Orucdan Süleymaninin qətli ilə bağlı AÇIQLAMA

İranlı general Qasım Süleymaninin Amerika tərəfindən Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldürülməsi Azərbaycan ictimaiyyətini, faktiki, iki hissəyə bölüb. Bir tərəf onun öldürülməsindən təsirlənir, digər tərəf iranlı generala acıyanları qınayır, bu hadisənin gündəmi zəbt etməsini doğru saymır.

 

Cənub qonşumuzun Azərbaycanın içərilərinə doğru bu qədər təsir etməsi də ciddi müzakirə olunur. Bu fakt ölkəmizin təhlükəsizliyi acısından təhlükə mənbəyi kimi qələmə verilir.

 

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, V Çağırış Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc məsələyə bu cür şərh verdi: “Öncə onu qeyd edim ki, Sovetlər Birliyi mövcud olsaydı, o dövrdə qapalı sistemlər üçün informasiyalardan qorunmağın müxtəlif yolları tapılardı. Kreml rəhbərliyi, Siyasi Büro özü müəyyən edirdi ki, sovetlər məkanına hansısa xəbərlər sızmasın. Kommunistlərin baxışları ilə uzlaşmayan hər hansı məlumatları yönəltmək qeyri-mümkün idi - baxmayaraq ki, o dövrdə AzadlıqRadiosunun dinlənilməsi, yaxud alman dalğaları əsasında SSRİ-nin əleyhinə olan insanlar, xüsusilə dissident hərəkatları bildiyiniz xəbərlərlə nəfəs alırdılar. O zaman da informasiyalar qarşısında baryer qurmaq çox çətin olurdu. Qasım Süleymani hadisəsi əslində informasiya məkanının sərhədsiz olmasından qaynaqlanır. BBC, CNN kanallarında baş xəbər yerlərinə diqqət etsəniz görərsiniz ki, orada da bir tərəfdən öldürülmə əməliyyatı, onun ardınca Yaxın Şərqdəki hadisələrin gələcəyi, Amerika-İran münasibətləri, bölgədəki gərginliyin hərbi müstəviyə keçə biləcəyi ehtimalları daha çox müzakirə olunur. Sırf xəbər acısından bu məsələ bir nömrəli yerdə saxlanılır və hətta Qasım Süleymaninin oğlu və qızının çıxışı da BBC-də yayımlandı.

 

Bizim 86.6 min kvadrat kilometr ümumi coğrafiyamız var. Amma onun 20%-i işğal olunub. İnformasiya aləmi daim yad təsirlərin altındadır. O üzdən Azərbaycan informasiya siyasətini elə qurmalıdır ki, burada kənar qüvvələrin maraqlarına xidmətetmə halları olmasın. Daxilimizdə inanclı insanları təşkilatlandıraraq başqa ölkənin mənafeləri çevrəsində kimsə yönəldirsə, yaxud bunun əksi baş verirsə, bununla bağlı da ciddi addımlar atılmalıdır. Biz bu cür halları indiyə qədər az görməmişik. Xüsusilə narıncı inqilablar dövründə xalqa hansı vədlərin verildiyi, bunun hansı texnologiyalarla həyata keçirildiyi hər kəsin yaddaşındadır. Bu, elə də uzaq keçmişdə baş verməyib. 2003-2004-cü illərdə qeyd etdiyim inqilab qatarı Qafqazlarda idi. 2011-ci ildəki “Ərəb baharı” Ukraynada da inqilabla sonuclandı. Bunlar texnoloji əməliyyatlar idi və ölkələrin daxilinə sızdırılırdı. O zaman da bu cür yollarla Azərbaycanın informasiya məkanını işğal etmə cəhdləri var idi. Bu baxımdan Qasim Süleymani hadisəsində iki yerə bölünmənin həm obyektiv, həm də subyektiv tərəfləri var. Subyektiv amil ondan ibarətdir ki, gördüyünüz kimi, müəyyən qüvvələr çalışır ki, bizim öz generallarımızın obrazları qabarmış olsun. Azərbaycan Xarici İşlər Nazirliyi son hadisə ilə bağlı başsağlığı verdi. Biz bu məsələdə də neytrallığımızı qoruyub saxlayırıq. Yaxın Şərqdə sülh, əmin-amanlıq arzulayırıq. NATO generalları gəlib Bakıda rus generalları ilə görüşə bilirlər. Azərbaycanın xarici siyasət mənafeləri çox dəqiq müəyyən edilib. Düşünürəm ki, Qasim Süleymani üzərindən Azərbaycanın informasiya aləmində parçalanmanın və qütbləşmənin getməsi bizi bir sıra nəticələr çıxarmağa vadar edir. Hesab edirəm ki, bundan sonrakı dövrdə biz informasiya sahəsində daha güclü tədbirlər həyata keçirməliyik. İsrail politoloqu hesabladı ki, yüz minə yaxın profildə Qasim Süleymaninin şəklini paylaşırlar. Az qala bir hərbi sərkərdə üzərindən İran öz siyasi maraqlarını bölgədə yürüdə bilər. Bunu onsuz da bəyan edirlər. İranla savaş Azərbaycanın yerləşdiyi məkandan keçər deyə, bu ifadələrə yer verilməməsi üçün həm dövlət, həm də informasiya quruluşları tərəfindən bir sıra addımlar atılmalı olacaq. Düşünürəm ki, bu, geniş analiz olunmalı, monitorinqlər aparılmalıdır. Biz də bir tədqiqat mərkəzi olaraq, bu məsələni həssaslıqla izləməkdəyik".Musavat.com

Tarix: 8 Yanvar 2020, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin