Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir. Partiyamızın sədri cənab İlham Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərində parlaq qələbə qazandıqdan sonra ölkəmizdə genişmiqyaslı islahatlara start verdi. Bu islahatlar bütün sahələri, o cümlədən siyasi sferanı da əhatə etdi. Cəmiyyətimiz bu islahatların müsbət nəticələrini daim hiss etməkdədir.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, sosial-iqtisadi sahədə genişmiqyaslı islahatlar aparılıb:
“Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Artıq bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Ən əsası 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Dövlətimizin başçısı, partiyamızın sədri İlham Əliyevin söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyanın VII Qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər. Ölkəmizin qarşısında müəyyən hədəflər dayanır və partiyamız bu prosesdə öz rolunu oynayacaq. Ötən dövrdə beynəlxalq müstəvidə bir çox nailiyyətlər əldə etmişik. Belə ki, Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi".