Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Hakim partiyanın ali tədbiri bir sıra istiqamətlər üzrə böyük yeniliklərlə müşayiət edildi. Bu qurultay bir zamanlar hakim partiyanı bütövlükdə nəzarətdə saxlayan şəxslərin mütləq əksəriyyətinin “zərərsizləşdirilməsi” baxımından da əhəmiyyətli sayıla bilər. Uzun illər narazılıq yaradan, hakimiyyətlə xalqın arasını vurmaqla özləri üçün münbit mövqe yaradan bu şəxslər bundan sonra YAP adından istifadə etmək imkanları da itirmiş oldular. Onların əvəzinə gənc və reputasiyası təmiz kadrlar irəli çəkildi.
Veteran YAP-çılardan sayılan professor Əli Əlirzayevin müsahibəsini təqdim edirik
- Əli müəllim, Yeni Azərbaycan Partiyasının (YAP) çox ciddi yeniliklərin qeydə alındığı qurultayı arxada qaldı. YAP-a ilk üzv olan şəxslərdən biri, bu partiyanın inkişafında zəhməti olan sadiq YAP-çı olaraq qurultayla bağlı təəssüratlarınız nədən ibarətdir?
- YAP-ın qurultayının keçirilməsi lazım və vacib idi. Neçə illərdir qurultay keçirilmirdi. Həm də partiyanın İdarə Heyətində, digər strukturlarda olanların əvəz olunması prosesi təbiidir. Eyni zamanda ölkə Prezidenti və YAP sədrinin yeni baxışları, konseptual yanaşmaları ali tədbirdə müzakirə olunmalı idi. Bütün bunlar qurultayın keçirilməsini vacib edirdi.
Ancaq qurultayın keçirilməsinin proseduru var. Bildiyim qədər rayon təşkilatlarında iclaslar olmalı, buradan qurultaya nümayəndələr seçilməli idi. Amma birbaşa dəvət olunan şəxslərin iştirakı ilə qurultay keçirildi, YAP sədri də qurultayda çıxış etdi. Burada əsas məqsəd dəyişikliklər idi. Dəyişikliklər də baş tutdu.
- Dəyşiklikləri necə qiymətləndirirsiniz, YAP-da köklü şəkildə yenilənmə oldumu?
- Hesab edirəm ki, bu, köklü dəyişiklik deyil. Nə mənada? Mən gedənlər və gələnlər haqqında mənfi bir söz demək niyyətində deyiləm. Hər kəsin öz şəxsiyyəti, mənliyi var. Mənim də nüfuzuma və yaşıma yaraşmaz deyim ki, filankəs niyə seçildi, behmankəs niyə seçilmədi. Amma bütövlükdə deyə bilərəm ki, özlərini təsdiq edə bilməyən, YAP rəhbərliyində olan, amma özünü nüfuzdan salan şəxslərin hamısını dəyişdilər. Ancaq bu, köklü dəyişiklik deyil. Mən qurultaydan əvvəl çıxış edib demişdim ki, bu adamların hamısı getməlidir, lakin çoxu qaldı. Bəziləri Veteranlar Şurasında, bəziləri digər qurumlarda. Əslində, Veteranlar Şurasına xidmətləri olan və yaşlaşan şəxslər salındı. Yəni onlar tamamilə çıxdaş edilmədilər. Ancaq Veteranlar Şurasının hüquqi əsası nədir, səlahiyyəti nədən ibarət olacaq, onlar hansı işlərlə məşğul olacaq məsələsi hələlik bilinmir. Mən Veteranlar Şurasında olanların çoxunu tanıyıram. Onlar hörmət əlaməti olaraq oraya salındı. İdarə Heyətinə gəldikdə isə, deyərdim ki, burada iki istiqamət var. Sanki belə görünür ki, İdarə Heyətinə salınanlar kiminsə dəstəyi sayəsində ora düşüblər. Yəni hansısa nazir və ya başqa vəzifəli şəxslərin dəstəyini alıblar. Onlara dəstək verənlər də Prezident İlham Əliyevin ətrafında olan insanlardır. Diqqət etdikdə görürük ki, İdarə Heyətində bir zamanlar Heydər Əliyevin ətrafında olan şəxslərin sayı çox azdır.
- Amma dövr-zaman da dəyişir. Siz dediyiniz insanlar 30 il partiyada, onun rəhbərliyində olublar. Üstəlik, onlardan heç biri sizin kimi tənqidi fikirlər səsləndirməyiblər və əksəriyyətinin də cəmiyyət arasında müsbət obrazı yoxdur...
- Bir daha qeyd edim ki, mənim o yaşım deyil ki, bu adamlar haqqında nələrsə deyim. Sadəcə, gördüklərimi deyə bilərəm. Mən deyirəm ki, YAP-ın yaranmasına gətirən yol vardı. Heydər Əliyev 1987-ci ildə faktiki SSRİ rəhbərliyindən uzaqlaşmışdı. Onda Heydər Əliyevin arxasınca çox az adam gedirdi. Gedənlər də “Əlincə” Cəmiyyətində cəmləşmişdilər, ya da ona kənardan dəstək verirdilər. Sonra Naxçıvan həyatı YAP-ın yaranmasında əsas rol oynayırdı. O adamlar ki, Heydər Əliyevin yanına gəlmişdilər, onların çoxu vəfat edib, on nəfər qala-qalmaya.
Arif Rəhimzadənin xidmətləri olub. Düşünürdüm ki, onu İdarə Heyətinə salarlar. Tahir Budaqovu, onun indiki müavinlərini yaxşı tanıyıram. Hörmətim də var. Amma çoxu YAP-a Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qoşuldular. Baxmayaraq ki, çoxu Heydər Əliyevin Naxçıvanda olduğu müddət onun yanına gəlməmişdilər.
- Bir zamanlar YAP-da sizi tədbirlərə dəvət etməyən, əksinə, mətbuatda sizi tənqid edən şəxslər də rəhbərliyə seçilmədilər. Buna reaksiyanız necədir?
- Əli Əhmədov getməlidir. Onun partiya rəhbərliyində qalmasının səbəbini bilmirəm. Əli Əhmədov YAP-a sonradan gəlib. Hələ 2005-ci ildə mən Əli Əhmədova demişəm ki, biz Heydər Əliyevin ətrafında olanda, onu dəstəkləyəndə, siz harada idiniz? Mən heç kimdən qorxmuram. Əli Əhmədov bu gün vəzifədədir, sabah onu da çıxaracaqlar.
Siyavuş Novruzovu götürək. Siyavuş mənim yerlimdir. Ancaq ona-buna daş atmaqla məşğul olurdu. İndi rəhbərliyə buraxmadılar. Bilirsinizmi, mən hesab edirəm ki, həm də xidmətə görə qiymət verilməlidir... Şəxsən məni qurultaya dəvət etmədilər. Canları sağ olsun. Heç olmasa məni Veteranlar Şurasına sala bilərdilər. İndi lap köhnələrdən kimi dindirsəniz, sizə deyə bilər ki, Əli Əlirzayev tapança altında gedib kənd-kənd dolanırdı. YAP-ın birinci iclasını mən keçirmişəm. Rəhmətlik Heydər Əliyev dedi ki, kəndinizdə iclas keçir, gəl mənə izah elə görüm camaatın reaksiyası necədir. Gedib kənddə iclası keçirəndə az qalırdılar məni öldürsünlər. Biri deyirdi İdarə Heyətinə salın, digəri deyirdi Siyasi Şurada olmalıyam. İndiki adamlar o vaxt harada idi? Əli Əhmədov deyir ki, insan ideologiyasını dəyişə bilər. O mənada ki insan öz üzərində işləyir və dəyişə bilər. Lap yaxşı, sən dəyiş, get qabağa, mən dəyişməmişəm, amma qabağa da gedə bilmədim. Mən açıq deyə bilərəm ki, kimki açıq fikirlidir, Prezidentə və ölkəyə kömək edən adamdır, onlar partiyada kənarda qaldılar. O cümlədən də mən. 60 yaşımda məni bütün vəzifələrdən kənarlaşdırdılar. Nə seçdilər, nə də bir vəzifəyə qoydular. Müəllim babayam, axşama qədər də tələbələrlə işləyirəm. Hamı da bilir ki, hansı həyat yolunu keçmişəm. Bunun qarşılığında məni Veteranlar Şurasına da salmadılar. Kim salmır? Əli Əhmədov salmır da. 2005-ci ildə mən Xətai seçki dairəsində İqbal Ağazadə ilə rəqib olanda çıxıb dedilər ki, Əli Əlirzayevə kömək lazımdır, professordur, ziyalıdır. Onda Əli Əhmədov nəsə atdı. Mən də bildirdim ki, mən Heydər Əliyevi müdafiə edəndə, onun yanında duranda, siz harada idiniz. O zamandan mənimlə intriqa aparır. Belə rəhbər olmaz axı.