Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyevin Azərbaycanda tütünçülüyün inkişafı, onun keyfiyyəti, xaricə satılması, ölkəyə xarici valyuta gətirməsi imkanları, eləcə də tütün məmulatları, onun istehlakı, qiymətinin bahalaşması və digər mövzularla bağlı müsahibəsini təqdim edirik:
Onunla müsahibəni təqdim edirik:
- Rüfət müəllim, Azərbaycan hökuməti bir neçə il əvvəl tütünçülüyün inkişafına dair strategiya hazırlamışdı. Prezidentin də bu məsələyə xüsusi diqqəti var idi. Hazırda bu sahədə vəziyyəti necə qiymətləndirmək olar?
- Əvvəla, deyim ki, detallı və proqramlı şəkildə tütünçülüyün inkişafı ilə bağlı layihə hazırlanmışdı. Layihə ilbəil tütünçülüyün inkişafına yönəlib və buna nail olmaq üçün dövlət tərəfindən istənilən şəraiti yaradılıb. Yəni şərait yaradılıb, imkanlar var. Sadəcə olaraq mən 2016-cı ildə öz fikrimi açıqlamışdım, indi də həmin təklifimin üzərində dayanıram. Bu proses proqramlı şəkildə gedirdi, hərtərəfli yanaşma var idi.
- Sizin təklifiniz nə idi?
- Mənim indi də təklifim belədir ki, tütünçülüyün inkişafı üçün metodologiyanı müəyyən qədər dəyişməliyik. Əkib, müştəri axtarmaq deyil, başqa yolla getməyi məqbul sayıram. Bu gün dünyada digər kənd təsərrüfatı məhsulları kimi tütünçülük sahəsində də fəaliyyət göstərən 5-6 şirkət var. Bunlar ildə 100 minlərlə ton tütün alıb, satırlar. Hətta son 10 ildə bu şirkətlər Afrika, Cənubi Amerikada özləri tütün əkməklə məşğuldurlar. Biz gərək əzəldən bu şirkətlərin hamısını bura dəvət etməli idik. Marağı olan gələcəkdi. Hazırda Azərbaycanda 20-25 min ton tütün əldə etmək mümkündür. Düzdür, Ulu öndərin zamanı Azərbaycanda 60 ton tütün tədarük olunan vaxt olub. Əlbəttə, o zaman qapalı iqtisadiyyat idi və məhsulu satmaq da asan idi. Amma bu gün rəqabətin güclü olduğu bazar iqtisadiyyatı var. Dünya bazarı ilə hamı hesablaşır və ona uyğun məhsulu bazara çıxarır. Məncə, bu sahədə peşəkar fəaliyyət göstərən şirkətləri ölkəmizə dəvət etmək lazımdır. Hamısı da gəlməsə, bir neçəsi gələcək və işi belə qurmaq olar. Bizim 5-6 rayonumuzda tütün əkmək və keyfiyyətli tütün əldə etmək mümkündür. Məncə, həmin şirkətləri bura dəvət etmək, aparıb, həmin torpaqları göstərmək lazımdır. Həm də onlara təklif etmək olar ki, saziş bağlayaq, bu sənədə əsasən onlara lazım olan tütün növlərini müəyyən edək, gələcəkdə alacaqları tütün növlərinin toxumunu özləri gətirsin. Bizə də cəmi 5-6 mütəxəssis lazım olacaq. Bir mütəxəssis əkin vaxtı lazımdır, ikinci mütəxəssis aqronom və aqro-texniki üsullarla işləyəcək, üçüncü mütəxəssis məhsulun yığımı zamanı lazımdır. Yəni bu mütəxəssislər sadəcə yol göstərirlər. Sonda da əldə edilən məhsulun beynəlxalq standartalara uyğun qablaşdırılması baş verir. Bu mütəxəssisləri də onlardan istəyirik. Eyni zamanda Azərbaycanda tütünçülüklə məşğul olan yerli şirkətlər birləşməlidir. Bəli, dövlət öz dəstəyini indiyə qədər verib, bundan sonra da verməyə hazırdır. Biz də dəvət etdiyimiz şirkətlərlə əvvəlcədən qiymət məsələsini həll edək. Yəni gələcəkdə biz bu məhsulu onlara bu qiymətə satdığımızı biləcəyik. Bütün bunlar rəsmi sənədlərlə təsdiq edilməlidir. Sözsüz ki, öncədən məsələni araşdırmaq, qiyməti müəyyən etmək lazımdır. Bu halda biləcəyik ki, tütünün bir kiloqramında nə qədər qazanc olacaq. Bunu mən o zamandan demişəm. Niyə? Çünki biz öz tütünümüzlə rəqabətə girə bilmirik.
- Niyə rəqabətə girə bilmirk?
- Biz son 15-20 ildə tütünü Rusiya və Belarus şirkətlərinə satırdıq. Bizdə olan tütün oriental növdür. Bu sahə ilə kifayət qədər məşğul olduğumdan bilirəm. Məncə, tütünün sortunu dəyişmək də lazımdır. Sözsüz ki, onun becərilməsi, qurudulması, qablaşdırılması, hansı formada saxlanılması planlı şəkildə olmalıdır. Əlbəttə, fermerlərin qazancı bu işdə o qədər də böyük olmur. Bu, bütün növ məhsullara-pambıqdan tutmuş üzümə qədər aiddir. Amma işi düzgün quranda tütünün kiloqramında 15-20 sent qazanc əldə etmək olar. Məncə, bu da normal qiymət sayıla bilər. Lakin öncədən biləsən ki, bunun kəmiyyəti və keyfiyyəti həmin şirkətləri qane edəcək və onlar bunu rahatlıqla alacaq. Bizdə indiki üsulla gedəndə, sözsüz ki, tütün becəririk, lazım gələndə xaricdən mütəxəssis də dəvət edirlər. Amma biz sonda alıcı axtarırıq. Məncə, biz alıcını axtarmamalı, əvvəldən onunla saziş bağlamalıyıq. Dünyanın bir nömrəli marketoloqu Flipp Koter 40 il öncə deyirdi ki, sən istehsal etdiyin malı satma, satılan malı istehsal et. Məncə, bu düzgün yanaşmadır. Yəni işi başlamazdan əvvəl onun alıcısını tapmaq lazımdır. Burada keyfiyyət, kəmiyyət və qiymət əsasdır.
- Hazırda tütünçülüklə bağlı ölkədə real vəziyyət necədir?
- Səhv etmirəmsə, 2020-ci ildə 12 min tona yaxın tütün satılmalı idi. Son hədəf satış olduğundan mən “istehsal olunmalı” idi, demirəm. Aldığım məlumata görə, bu rəqəmi dəf etməmişik. Ola bilsin ki, burada qismən pandemiyanın da təsiri var. Amma pandemiya dövründə siqaret satışı və ya tütünə təlabat azalmayıb. Bəli, Avropa son 5 ildir tütünçülüyün əkilməsi və becərilməsinə qadağa tətbiq edib. Addım-addım qadağalar qoyur, subsidiyaları kəsirlər. Amma Azərbaycan bu rəqəmləri artırır. Yəni dövlətin bu sahəyə dəstəyi kifayət qədərdir.
-Sizcə, ölkə tütünçülükdən nə qədər qazana, xarici valyuta əldə edə bilər?
- 10 min tonu götürün, bunu kiloqrama bölün və hər kiloqramı da 15-20 sentə vurun. Bu, əldə edəcəyimiz qazanc sayıla bilər. Əlbəttə, istehsal artdıqca gəlir də artacaq. Amma burada dövlətin verdiyi subsidiya da var. Əsas odur ki, buna nail olunsun. Məsələn, mən deyəndə ki, daimi subsidiyalar ola bilməz, rəqiblərim bu fikrimi tənqid edirlər. Əslində həmin vəsaiti bir müddətdən sonra innovatik inkişafa yatırmaq daha yaxşıdır. Bu gün kənd təsərrüfatı sahəsində sürətlə inkişaf gedir. Məsələn, şərti götürək ki, dövlət subsidiya verilməsinə görə 1 milyon dollar ayırır. Bu məbləği 4-5 il verirsən, sonra tədricən azaldır və yönləndirirsən yeni texnologiyalara, yeni emal sahələrinə. Və 10 ildən sonra məlum olur ki, subsidiyalara o qədər də ehtiyac yoxdur...