“Bu gün bütün dünyada koronavirusa yoluxmada artım dinamikası müşahidə edilir. Yəni artım tendensiyası bütün Avropa ölkələrində müşahidə olunur. Düzdür, hazırda Böyük Britaniyada çox sərt karantin rejimi hökm sürür. Bəzi şəhərlərə giriş-çıxış qadağan olunub. Baxmayaraq ki, orada 20 milyon insan vaksinasiya olunub, lakin karantin rejimi davam edir. Ona görə də Azərbaycanda da yoluxma sayında artım bu templə davam etsə, epidemioloji vəziyyət pisləşsə təbii ki, karantin qaydaları sərtləşdiriləcək”.
Bu fikirləri tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
“İkinci dalğada ölkədəki vəziyyətə nəzər salsaq görərik ki, insanlar necə çətinliklərlə üz-üzə qaldı. Xəstəxanalarda yer tapılmadı, dərmanların qiyməti süni şəkildə artırıldı, ajiotaj yarandı, xeyli sayda xəstə dünyasını dəyişdi. Bu taleyi yenidən yaşamamaq üçün tələb olunan qaydalara ciddi əməl etmək lazımdır. Bu qaydalar əsasən qapalı mühitdə, qonaq gedəndə, növbə olan yerlərdə, ictimai iaşə müəssisələrində gözlənilməlidir. Eləcə də ictimai nəqliyyatda qayda-qanun yaradılmalı və onun yükü azaldılmalıdır. Çünki yoluxmanın əsas mənbələrindən biri də məhz ictimai nəqliyyatdır”- deyə mütəxəssis bildirib.