İctimai Televiziya və Radio Yayımları Şirkəti fevralın 9-da keçiriləcək parlament seçkilərində deputatlığa namizədlərə öz təşviqat kampaniyalarını aparmaq üçün ödənişli və ödənişsiz efir vaxtı verməyə hazırdır.
Televiziyadan Pravda.az-a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq ödənişsiz efir vaxtı 60-dan çox dairədə deputatlığa namizədi qeydə alınmış siyasi partiya və bloka veriləcək. Bununla bağlı yanvarın 17-dən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.
Ödənişli təbliğata gəlincə İTV və İctimai Radio artıq parlament seçkiləri çərçivəsində siyasi reklam üçün müəyyən etdiyi qiymətləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Yayımlanma vaxtından asılı olaraq İTV-də siyasi reklamın bir saniyəsinin qiyməti 22-65 manat arasında dəyişir. İctimai Radioda isə siyasi reklamın bir saniyəsinin qiyməti 7-25 manat aralığındadır. Qiymətlər və siyasi reklamın efirə getmə vaxtları ilə daha ətraflı Mərkəzi Seçki Komissiyasının saytında tanış olmaq olar. Bu qiymətlər hazırda İTV və İctimai Radioda mövcud olan qiymətlər əsasında formalaşdırılıb.