Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Cavid Osmanov: “Bu, Prezident İlham Əliyevin beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibi olduğunu göstərir”

1 264
Paylaş:
Cavid Osmanov: “Bu, Prezident İlham Əliyevin beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibi olduğunu göstərir”

BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Sözügedən qətnamə dövlətimizin başçısının fevralın 1-də Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü. Əldə edilmiş nəticəyə əsasən demək olar ki, Azərbaycan Prezidentinin pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddətdə qlobal dəstək qazandı. Prezident İlham Əliyev dünyada koronavirus pandemiya elan edildiyi ilk günlərdən bu bəlaya qarşı bütün dünya ölkələrinin birlikdə, həmrəy şəkildə mübarizə aparmasının vacibliyini vurğulayıb, dünyanın üzləşdiyi bu bəladan çıxış yollarının müzakirəsinə çağırışlar edib və bu təşəbbüslə bir neçə dəfə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə nail olub. Dövlətimizin başçısının təşəbbüsü ilə BMT-nin xüsusi Sessiyası çağırılıb və pandemiya ilə mübarizə tədbirləri dünyanın ən nüfuzlu təşkilatı çərçivəsində müzakirə olunub.

Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Xüsusi Sessiyanın keçirilməsi təklifinə bütün ölkələr yekdilliklə səs verdiyi halda, Ermənistan təklifə qarşı çıxmışdı. Səbəb isə, sadəcə olaraq, təşəbbüsün Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən irəli sürülməsi idi, baxmayaraq ki, söhbət bütün dünyanın, bəşəriyyətin üz-üzə qaldığı bir problemdən gedirdi. Bu, bir daha Ermənistanın öz terrorçu, antibəşər xislətindən əl çəkə bilməməsi kimi qiymətləndirilə bilər. Ermənistan bu istiqamətdə xoşagəlməz, antihumanist siyasətini davam etdirdi və qətnamənin qəbuluna maneə olmağa çalışdı, amma yenə də uğursuzluğa məruz qaldı, bütün dünya ölkələri arasında rüsvay oldu.

Qətnamənin qəbulu zamanı onun əleyhinə çıxış edən Ermənistan nümayəndəsi ölkəsinin bir sıra təkliflərinin sənəddə nəzərə alınmadığını bildirdi. Amma, əslində, Ermənistanın təkliflərinin qətnamənin motivləri ilə heç bir uyğunluğu yox idi. Bu dəfə də Ermənistan qətnaməyə aidiyyəti olmayan iddialarla çıxış etmək istəyirdi. Belə ki, münaqişə zonalarına humanitar girişə imkan verilməsi və sair kimi məsələləri lüzumsuz yerə siyasiləşdirən təkliflər səsləndirməyə çalışırdı.

“Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində ölkəmizin diplomatik uğurları davamlı olaraq artır, beynəlxalq müstəvidə çəkisi yüksəlir. Bu isə Ermənistan tərəfindən qısqanclıqla qarşılanır. Məhz bu səbəbdən qətnamənin qəbulu zamanı tamamilə mövzudan kənar danışan Ermənistan bildirdi ki, Azərbaycanda 2020-ci ilin noyabrında “ermənilər yaşayan Qarabağ”da dezinfeksiya aparılmasını əks etdirən poçt markası dövriyyəyə buraxılmışdı. Guya bununla Azərbaycan belə bir mesaj verirdi ki, ermənilər virusdur və buna görə də aradan qaldırılmalıdır. Belə absurd və gülünc fikirlərin BMT kimi yüksək nüfuza malik bir təşkilatda səsləndirmək özünü dövlət adlandıran heç bir təsisatın başında duranlara yaraşmayan haldır ki, Ermənistan da bu cür bayağılıqlara dünyanın gözü qarşısında getmiş oldu”, - deyə deputat bildirib.

C.Osmanov bildirib ki, Ermənistan daha sonra Azərbaycanda guya ermənilərə qarşı nifrət zəminində çıxışların edildiyini, etnik təmizləmə aparıldığını iddia etdi. Ancaq gəlin, məsələnin mahiyyətinə baxaq. Kimə qarşı etnik təmizləmə aparılıb? Təbii ki, azərbaycanlılara qarşı. Təkcə Xocalı soyqırımını qeyd etmək kifayətdir. Ermənilər isə digər xalqların nümayəndələri kimi Azərbaycanda daim dinc və yanaşı şəkildə sülh şəraitində yaşayıblar. Bu qədər fakt olduğu halda ermənilərə qarşı hansı etnik təmizləmədən danışmaq olar?!

Bundan əlavə, Ermənistan qətnamənin BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası kimi qlobal təşəbbüslərin alqışlandığı bənd üzrə konsensusa qoşulmadığını bildirdi. Burada yalnız bir səbəb var. Bütün bu humanist və bəşəriyyətin xilası naminə irəli sürülən təşəbbüslər Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Ermənistanın bu bənd üzrə konsensusa qoşulmamasının yeganə səbəbi məhz budur.

Gəlin, nəticəyə baxaq. Nəticə necə oldu? Təbii ki, qətnamə qəbul edildi və Ermənistan dünyada özünü yenidən rüsvay etmiş oldu. Çünki burada iki ölkənin və ya müəyyən regionun maraqlarından söhbət getmir. Burada söhbət dünyanın, bəşəriyyətin üzləşdiyi bəladan xilas yolları və bunun üçün dünya ölkələrinin müştərək fəaliyyətinin vacibliyindən gedir.

“Hesab edirəm ki, “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbulu zamanı bir daha İlahi ədalət öz yerini tapdı. Bu proses özlüyündə Azərbaycanın haqq ədalət, sülh tərəfdarı olan humanist bir ölkə, Ermənistanının isə işğalçı, antibəşər və terror xislətli dövlət olduğunu göstərdi”, - deyən deputat diqqətə çatdırıb ki, bu qətnamənin qəbul edilməsi, eyni zamanda, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibi olmasının göstəricisidir.Azərtac

Paylaş:

Ən son xəbərlər