Ermənilərin 1918-ci ildə Azərbaycanda törətdikləri 31 mart soyqırımından 103 il ötür. Xatırladaq ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Daşnaksütyundan olan erməni silahlı dəstələri Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı qırğın törədib. Rəsmi mənbələrə əsasən həmin vaxt soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Beləliklə, bu soyqırım öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Ermənilər həmçinin milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çevirmişdilər. Sovet hakimiyyəti dövründə təxminən 70 il bu soyqırımı xalqın qan yaddaşından silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmayıb və nəhayət, Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1998-ci il martın 26-da 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb.
Prezident İlham Əliyevin isə 2018-ci il yanvarın 28-də imzaladığı sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.
Təbii ki, bu il Azərbaycan 31 Mart soyqırım gününü 44 günlük Vətən müharibəsində zəfər qazanmış xalq kimi qeyd edəcək. Bu da bir faktdır ki, 103 il öncə azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımın isbatı üçün kifayət qədər sənədlər var və hökumətimiz bu istiqamətdə son illərdə xeyli səmərəli işlər görüb. Bəs bu dəfə xalqımız 31 Mart soyqırımını əvvəlki illərlə müqayisədə daha hansı fərqlə qeyd edəcək?