Vətən Müharibəsinin başa çatmasından 5 ay keçsə də, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etmir. Ermənistan tərəfi həmin xəritənin olmadığını bildirsə də, bu, həqiqəti əks etdirmir. Çünki hərb elminin qanunlarına əsasən, ərazilər minalanarkən xəritə və protokol mütləq tərtib edilməlidir.
Bəs Ermənistan minalanmış ərazilərin xəritəsini niyə ölkəmizə təqdim etmir və belə olan halda minatəmizləmə əməliyyatını başa vurmaq üçün Azərbaycana nə qədər vaxt lazımdır?
Mövzu ilə bağlı Pravda.az-a politoloq Elxan Şahinoğlu danışıb. Siyasi ekspert qeyd edib ki, Ermənistan minalanmış ərazilərin xəritəsini bizim itkilərimizin, mina qurbanlarımızın sayının çox olmasını istədiyi üçün təqdim etmir.

Onun sözlərinə görə, Rusiya minatəmizləmə əməliyyatında yalnız görüntü xətrinə bir sıra işlər görə bilər: “Müharibənin başa çatmasından 5 ay keçməsinə baxmayaraq, minaya düşərək həlak olan vətəndaşlarımızın sayı getdikcə artır. Təəssüflər olsun ki, işğaldan azad olunmuş əraziləri minalardan təmizləmək üçün bizə uzun illər lazımdır və Rusiyanın da bu məsələdə marağı yoxdur. Əgər Rusiya maraqlı olsaydı, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməsini təmin edə bilərdi. Deməli, istəmirlər... Bu səbəbdən, Rusiyanın görüntü xətrinə görəcəyi müəyyən işlərdən başqa, minatəmizləmə əməliyyatında ciddi iştirak etməyəcəyi məlumdur”.