General Əliağa Hüseynovun adı hallanan mənzil qalmaqalı üzrə yeni sənədlər təqdim olunub. Mübahisə obyekti olan binadakı -Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yaşayan, “Nəsimi -19” MMC-nin təsisçiləri olan sakinlər təqdim etdiyi istintaq sənədləri arasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində iş üzrə aparılan istintaq zamanı 14 iyun 2018-ci ildə sübutların qiymətləndirilməsi haqda qərar da var. Həmin qərarda “İdeal-V” MMC-nin faktiki rəhbəri Məmmədov İsa Əli oğlunun ifadəsinə istinadən Əliağa Hüseynovun kürəkəni Elçin Əliyevin bacısının əri olan Rauf Kərimova müxtəlif vaxtlarda faizə borc pul verdiyi qeyd olunub.
Bu qalmaqal haqda danışan sakinlər də demişdilər ki, Əliağa Hüseynov kürəkəni Elçin Əliyev sələmə pul verir: “Əliağa Hüseynovun kürəkəni Elçin Əliyev respublika səviyyəli sələmçidir. Elçin Əliyev bina tikilərkən yeznəsi Rauf Kərimova 300 min dollar pul verib. Sonra bu məbləğ faizlərlə birgə 2 milyona qədər artıb. Rauf Kərimov Elçin Əliyevin bacısının həyat yoldaşıdır. Məbləği qəsdən şişirdiblər. Rauf Kərimov da, hazırda həbsdə olan İsa Məmmədov da binanı inşa edən ”İdeal -V" MMC-nin sahibləri olub, şəriklərdir. Onlar Rauf Kərimovla birgə Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədəki binanı inşa ediblər. Rauf Kərimov qaynı Elçin Əliyevdən tikinti aparılan zaman 300 min dollar sələmə pul alıb, İsa Məmmədova da deyib ki, Elçinə formal olaraq 12 mənzilin sənədlərini verək. Belə də ediblər. İndi də Elçin Əliyev 12 il sonra məhkəməyə müraciət edib ki, mənzilləri geri verin. Bu uzun bir işdir, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. İstintaq nəticəyə gəlib ki, Elçin Əliyevə verilmiş müqavilələr saxtadır. Amma həmin müqavilələri Elçin Əliyevdən alıb ləğv etməyiblər”.
Elçin Əliyev isə sələmə pul verməsi ilə bağlı iddialara münasibəti bildirərkən bu sözləri demişdi. Sitat: “Əgər 1 nəfər çıxıb desə ki, mən Elçindən sələmə pul almışam, pul vermişəm, mən həmin mənzillərdən imtina edərəm. Ümumiyyətlə, mənə görə sələmə pul verən bu həyatda yaşamamalıdır!”
İş üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 14 iyun 2018-ci ildə tərtib olunan sübutların qiymətləndirilməsi haqda qərarında isə yazılır: “Qeyd edilən epizodla bağlı Məmmədov İsa Əli oğlu ifadəsində göstərmişdir ki, 2005-ci ildə isə “Alyans-Z” MTK ilə “İdeal-V” MMC-nın arasında podrat müqaviləsi bağlamış və “İdeal-V” MMC tərəfindən Bakı səhəri, D.Əliyeva küçəsi 717-ci məhəllədə 1 bloklu hündür mərtəbəli bina tikintisinə başlanmışdır. Bina 17 mərtəbəli, 60 mənzildən ibarət olmuşdur. Müqaviləyə görə 2.000.000 ABŞ dolları pul tərəfindən torpağın pulu kimi “Alyans-MTK-ya verilmişdir. Müqaviləyə əsasən bina yekunlaşdırılmalı, Mənzil Fonduna verilən 10 faiz, binanın tikintisi üçün çəkilmiş xərclər çıxılmalı və qalan gəlir “Alyans Z” MTK ilə “İdeal-V” MMC arasında bərabər qaydada bölünməsi razılaşdırılmışdır. Həmin ərəfədə “Alyans-Z” MTK tikintiyə pul qoymadıgına görə Aida Yeqanovadan 2.000.000 ABŞ dollar pul borc pul almış, əvəzində isə 2007-ci ilin avqust ayında onun adına 22 mənzil müqaviləsi vermişdir. Öz payına düşən 12 mənzili İsa arvadı Məmmədova Nailə Rəhim qızının adına sənədləşdirmişdir. Həmçinin Rauf Kərimov isə öz payına düşən mənzillərdən 12 mənzili qaynı Elçin Əliyevə və 4 mənzili öz adına sənədləşdirmişdir. 6 mənzilin dəyəri tərəfindən Mənzil Fonduna ödənilmişdir. Qalan 4 mənzil isə “İdeal-V” MMC-nın payına düşmüşdür, sonradan Aida Yeqanovadan aldığı 2.000.000 ABŞ dollan pulu qaytarmış, həmçinin onun adına yazılmış mənzillərin satqından əldə olunan pulu da gəlir kimi ona vermişdir. Binanın altında olan qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul Rauf Kərimovla aralarında bərabər qaydada bölünməli olduğu halda sonuncu satışdan əldə olunan pulu tam olaraq götürmüşdür. Bununla bağlı Rauf Kərimovu məhkəməyə vermiş və onun xeyrinə qətnamə qəbul olunmuşdur. Hazırda Rauf Kərimovun ona 5.800.000 manat borcu vardır. Elçin Əliyevdən pul almamış, eşitdiyinə görə onunla Rauf Kərimovun arasında alaçaq-verəcək olmuşdur. 2012-ci ildə Rauf Kərimovla aralarında olan şəriklik bitirdiyi ərəfədə alacaq-verəcək məsələsində Elçin özü də iştirak etmişdir. Həmin söhbətlər Elçin Əliyevin Şüvəlan qəsəbəsində olan restoranında olmuşdur. Yekunda Rauf Kərimovun ona 3.500.000 ABŞ dolları borcu qalmış, Rauf Kərimov da həmin şəxslərin qarşısında 3 ay vaxt istəyərək pulu ödəyəcəyini demişdir. Şərtlərə əsasən 3 ay ərzində həmin pul ona ödənildiyi təqdirdə evləri Elçin Əliyevə veriləcəyi, pul ödənmədiyi təqdirdə isə sonuncunun mənzilləri qaytaracağına razılaşmışlar. Lakin Rauf Elçin Əliyevdən aldığı pulları ödədiyinə görə sonuncu pulunu ondan tələb etməyə başlamışdır. Həmin mənzillərin Elçinə heç bir aidiyyəti olmamışdır.