“Prezident İlham Əliyevlə üç strateji məsələdə müttəfiq ola bilərik, üç həyati məsələdə maraqlarımız üst-üstə düşə bilər: 1.Ölkənin ərazi bütövlüyü - Qarabağ məsələsi, 2.Müstəqilliyimizin qorunması, 3.Geniş anlamda Qərbə inteqrasiya (Türkiyə də Qərbdədir). Hər üç məsələdə müxaliflik etmək mənasız söz oyunu və cığallıqdır”.
Natiq Cəfərli: “Prezident İlham Əliyevlə üç strateji məsələdə müttəfiq ola bilərik”
Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli deyib.
N.Cəfərlinin sözlərinə görə, aprelin 20-də İlham Əliyevin Rusiyaya ünvanlanan kəskin çıxışı, Kremlə ünvanlanan sualları onu deməyə əsas verir ki, Kremlin birbaşa və sözçüləri vasitəsi ilə Putin Klubuna - Avrasiya İttifaqı və "ODKB"yə dartma cəhdindən hakimiyyət də narahatdır: “Hətta Lukaşenko da, çox güman, bu məsələ üçün gəlmişdi. Bunu öz marağına görə (Əliyev özündən üstə duran qurumları istəmir) etsə belə, yenə də bu bizim - müxalifətin maraqları ilə üst-üstə düşən yanaşmadır. Çünki Əsas şəxslər deyil, heç bir avtoritar lider 100 il hakimiyyətdə qalmır, qala bilməz. Azərbaycan heç bir halda Kremlin diriltməyə çalışdığı "SSRİ"də, bunun prototipi olan Avrasiya İttifaqı və "ODKB" ola bilməz! Nə qədər ki, Əliyev də bunu istəyir, bu məsələdə həmrəyik, müttəfiq ola bilərik, bu təzyiqlərə dözmək üçün isə yeni sistem, yeni Ana Yasa, yeni parlament olmazsa-olmazdır. Bir şəxs üzərinə inşa edilən idarəetmə modeli indi çox təhlükəlidir, bizə çoxsəsli, qəliz, amma doğru qərarvermə mexanizmi olan, sağlam dövlətçilik modeli lazımdır ki, bir nəfərə artan təzyiqi parlament və siyasi partiyalar amortizasiya edə bilsin...”