44 günlük müharibə zəfərindən sonra da biz hələ də Rusiyanın kukla teatrının personajları kimi görünürük…
Azər Qaramanlı yazır…
Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olması yenidən gündəmdədir. Kremlin beyin mərkəzinə aid olan və Rusiyanın bugünkü geosiyasi strategiyasının müəlliflərindən biri kimi tanınan filiosof Aleksandr Duqin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Rusiyanın geosiyasi layihələri olan KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzvlük vaxtının gəldiyini və bunun üçün heç bir əngəl qalmadığını bildirib. Duqin bildirib ki, Azərbaycanın bu təşkilata üzv olmasının əsas şərti Dağlıq Qarabağ ətrafında olan rayonların azad olunması idi. İndi isə bu maneə ortadan qalxıb. Duqinin fikrincə, Qarabağ münaqişəsi həll olunduğuna görə Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olmaması Moskvada anlaşılmazlıq yaradacaq.
Duqinin Avrasiya İqtisadi İttifaqının strateji ideoloqlarından biri olduğunu nəzərə alsaq, bu bəyanat ciddi şəkildə diqqətə alınmalıdır və Kremlin Azərbaycan ictimai rəyinə ünvanladığı açıq ismarıc kimi dəyərləndirilməlidir. Öncəliklə qeyd etməliyəm ki, Aleksandr Duqin Avrasiya İqtisadi İttifaqını və KTMT-ni rus-türk alyansı kimi görür və Rusiyanın bir imperiya olaraq gələcəyinə də bu konteksdən baxır.
Duqinə görə rus-türk alyansı niyə önəmlidir?
Duqinin hazırladığı 21-ci əsr üçün geosiyasi konsepsiyada Rusiya imperiyasının gələcək mövcudluğunun mərkəzində rus-türk alyansı dayanır. Bu heç də təsadüfi deyil və tarixi köklərə dayanır. Tarixi həqiqət ondan ibarətdir ki, Rusiyanın 17-ci əsrdən bu günə qədər bir dünya imperiyası olaraq qala bilməsində türkləri assimliyasiya etməsi əsas rol oynayıb. Məhz Tundradan və Çindən Mərkəzi Avropaya qədər uzanan, Avrasiyanın bütün ticarət yollarına nəzarət edən “Böyük Çöl”ün sahibləri olan qıpçaq və oğuz türklərinin provaslaşdırılaraq assimliyasiya olunması Rusiyanın güçlü bir imperiya olaraq günümüzə qədər gəlməsinə səbəb olub. O türklərin ki, ruslar bunu etiraf etməsələr belə, Rusiyanın bir dövlət və imperiya olaraq formalaşmasında xüsusi mədəni-siyasi təsirləri istisnasız ortadadır. Yəni assimliyasiya olunan türklər Rusiya imperiyasının əsas güc mərkəzini təşkil etməklə yanaşı, Rusiya imperiyasının uzun illər yaşaya bilməsi üçün həm də mədəni-mənəvi və hərbi resurs kimi çıxış ediblər.
Əgər bu resurslar olmasaydı, indi Rusiya Serbiya, ya da Polşa kimi sıradan bir Şərqi Avropa ölkəsi olacaqdı və onun sərhədləri heç Ural dağlarına, Xəzər və Qara dənizlərin sahillərinə qədər belə, uzanmayacaqdı. Çünki assimliyasiya olunan türklər olmadan az qala Avrasiyanın yarısından çoxuna hökm etmək və 200 ildən artıq Avropanı qorxu içində saxlamaq üçün rusların resursları yetərli deyil. Bu dünən də belə idi, bu gün də belədir.
Hazırda isə bu resurs tam tükənmək üzrədir. Artıq assimliyasiya olunmuş türklərin gücü Rusiya imperiyasını yaşada bilmək üçün yetərli deyil. İndi artıq slavyan ölkələri də Rusiyanın təbii müttəfiqləri deyil, onlar hamısı Moskvaya arxa çeviriblər. Rusiyanın yeganə təbii müttəfiqi kimi görünən Belarusun isə yaxın zamanlarda Rusiyanın orbitindən qopması qaçılmaz görünür.
Bütün bunları Duqin kimi Kreml strateqləri hamıdan yaxşı anlamaqdadırlar. İmperiyanın davam edə bilməsi üçün yeni resursa (xammala) ehtiyacı var. Bu üzdən də Duqinin 21-ci əsr üçün geosiyasi konsepsiyası assimliyasiya olunmayan (ya da yarıassimliyasiya olan) və instinktiv olaraq Rusiyanı düşmən və təhlükə kimi görən türklərlə yeni alyansa dayanır. Yəni söhbət müsəlman olduqlarına görə tam assimliyasiyadan kənarda qalan türklərin Rusiya ilə yenidən eyni geosiyasi və geoiqtisadi məkanda birləşdirilməsindən, bu türklərin tədricən assimliyasiya olunmasından və Rusiyanın imperiya-dövlət olaraq hələ bir neçə əsr də yoluna davam etməsindən gedir.
Duqinin geosiyasi konsepsiyasında heç də Türkiyə birinci yerdə deyil. Lakin digər yarı assimliyasiya olunmuş türklərlə liderlik edən Türkiyənin bu alyansda olması əsas şərtdir.
Söhbət ilk növbədə hələ də milli özünüdərk prosesini tam başa vurmayan Mərkəzi Asiya və Azərbaycan (o cümlədən İran türkləri də) türklərindən gedir. Mərkəzi Asiya və Azərbaycan türkləri ilə inteqrasiyanı dərinləşdirmək bu gün yeni rus neoimperalistləri üçün həyati əhəmiyyət daşıyır. Bu inteqrasiyada Türkiyənin olması isə planın daha geniş bir şəkildə həyata keçməsidir. Həmçinin Türkiyənin və İran türklərinin də Rusiya ilə bir alyansda olması imperiya olaraq Moskvanın daha geniş ərazilərə nüfuz etməsini təmin edə bilər.
Mədəni dominantlığa və açıq işğalçı meyllərə sahib olan ruslar bu planı özləri üçün əlçatan hesab edirlər və “şimal ayısı” bunun üçün bir əlində “xoş niyyət”, digər əlində isə zopayla bizim üzərimizə gəlməkdədir.
44 günlük müharibədən sonra yaranan geosiyasi mənzərə
Duqinin bəyanatında diqqət çəkən ifadə “Qarabağ münaqişəsi həll olunduğuna görə Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olmaması Moskvada anlaşılmazlıq yaradacaq”, cümləsidir və bu cümlə əslində təhdid xarakterlidir.
44 günlük müharibədə Azərbaycanın işğal altında olan və Dağlıq Qarabağ münaqişəsinin predmeti olmayan 7 rayonun azad olunmasına göz yuman Moskva Xankəndi üçün təhlükə yarananda, bir anda öz ordusu ilə ortaya çıxdı və bir geçə ərzində sülhməraml qüvvə adı altında Dağlıq Qarabağın ermənilərin nəzarəti altında qalan hissəni faktiki olaraq ilhaq etdi.
Bu da bir həqiqətin əslində aksioma olduğunu ortaya qoydu- özünü sülhməramlı adlandıran, lakin heç bir mandata sahib olmayan Rusiya ordusu münaqişənin qorunub saxlanılması üçün Dağlıq Qarabağdadır və bu gün öz missiyasını açıq şəkildə həyata keçir.
Alayarımçıq hazırlanan, daha doğrusu, münaqişənin həlli üçün heç bir qapı açmayan 9 noyabr bəyanatı da yeni status-kvonun rəsmiləşdirilməsidir və bu bəyanatın mahiyyəti münaqişənin daha bir neçə onilliklər boyu dondurulmuş vəziyyətdə saxlamaqdan ibarətdir. Bəyanatın ən diqqət çəkən maddəsi isə Zəngəzur dəhlizi ilə bağlıdır. Məhz bu dəhliz Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını təmin edən faktora çevrilə bilər. Sabah bu dəhlizin hansı səviyyədə reallaşması Cənubi Qafqazda davamlı sülhün olub-olmayacağını müəyyənləşdirəcək.
Əslində artıq demək olar ki, Rusiya Dağlıq Qarabağda ikinci genişmiqyaslı müharibənin başlamasına məhz Zəngəzur dəhlizinə görə imkan verib. (Lakin ola bilər ki, Ermənistanın bu qədər sürətlə məğlub olması Moskvanın gözləntiləri üstündə olub və Rusiyanı pis vəziyyətdə qoyub. Çünki müharibə bir neçə gün daha davam etsəydi, Rusiya arbitr olaraq bütün imkanlarını itirəcəkdi. Ya da Azərbaycana qarşı özü müharibə etmək məcburiyyətində qalacaqdı.) Zəngəzur dəhlizi Rusiya üçün hər şeydən daha önəmlidir. Bu dəhliz təkcə Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün əhəmiyyətli deyil. Dəhlizin əsas əhəmiyyəti rus-türk alyansını formalaşdırmaq yolunda atılan önəmli bir addım olmasındadır. Yəni Zəngəzur dəhlizi Türkiyə ilə Rusiyanın inteqrasiyası üçün önəmli addımdır.
Türkiyə Rusiyanın neoimperalist planına necə yanaşır?
