Kapitulyasiyadan sonra Ermənistanda sülh çağırışları hələ ki, müharibə və revanş çağırışları fonunda olduqca zəif eşidilir. Müvafiq surətdə savaş hazırlığı mövzusu məğlub ölkənin gündəmində daha ön yerdə sıra tutub, nəinki sülh hazırlıqları. 2-ci Qarabağ müharibəsinin vurduğu zərbədən özünə gələ bilməyən və yaxın illərdə gəlməsi də gözlənilməyən Ermənistanda beləcə, nə qədər qəribə də olsa, yenə də köhnə “bayatılar” səslənir, Azərbaycana və Türkiyəyə qarşı ksenofobiya körüklənir.
Bir sözlə, Ermənistan düşdüyü dərin siyasi-iqtisadi və sosial-demoqrafik böhrandan çıxmağa çalışmaq əvəzinə, köhnə və fəlakətli yola qayıtmaq çabası göstərməkdədir. Özü də söhbət təkcə radikal müxalifətdən və cəmiyyətin aqressiv kəsimindən deyil, eyni zamanda kapitulyasiya sənədinə imza atmış Paşinyan iqtidarının təmsilçilərindən gedir.
Bu gəlişmələr fonunda srağagün Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçilərinin Ermənistan tərəfindən atəşə tutulması diqqət çəkməyə bilməz. Demək, ermənilər müharibənin nəticələrindən hələ də dərs götürməyiblər. Az öncə Bakıda Hərbi Qənimətlər Parkının açılmasına verilən isterik reaksiya buna başqa bir dəlil-sübut sayıla bilər. Amma nahaq yerə. Çünki Park təzədən işğalçılıq niyyətinə düşmək istəyənlərdə mümkün sonuclar barədə yaxşı-yaxşı, iki dəfə düşünmək üçün güclü motiv yaratmalıdır...
*****
“Bakıda açılan Müharibə Qənimətləri Parkı 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı və Azərbaycan Milli Ordusu tərəfindən İrəvana verilən müstəsna dərs barədə Ermənistana yaxşı bir xatırlatma rolunu oynayır”.
“Yeni Musavat”ın məlumatına görə, bunu müstəqil rus hərbi ekspert Aleksey Xlopotov “Modern Talking - Müasir Söhbət” Youtube kanalına verdiyi müsahibəsində bildirib.
“Azərbaycan erməni işğalçıları üzərində böyük, əlamətdar bir qələbə qazanıb. Azərbaycanlılar özlərinin qalib qəhrəmanlarını yadda saxlamalıdırılar”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, qənimət hərbi texnikanın oxşar parkları və sərgiləri dövlətlərin qazandıqları hərbi qələbələrin simvolizəsi kimi dünyanın müxtəlif ölkələrində mövcud olub və olmaqdadır: “Bu, tamamilə normal təcrübədir. 22 iyun 1943-cü ildə Moskvada Böyük Vətən Müharibəsinin ilk 2 ilində almanlardan alınan qənimət silah nümunələrinin sərgisi açılmışdı. Mən Bakının qələbəsini Böyük Vətən Müharibəsindəki ümumi qələbəmizlə müqayisə edərdim”.
Rus hərbi ekspert də Bakıda fəaliyyət göstərən parkın erməni revanşist qüvvələri güclü şəkildə qıcıqlandırdığı qənaətindədir. “Ermənistanda revanşizm dalğası başını qaldırır. Ancaq əgər onlar yeni müharibəyə başlasalar, bu, artıq Azərbaycan Milli Ordusunun İrəvanda tam qələbəsi ilə başa çatacaq. Odur ki, Bakıdakı Hərbi Qənimətlər Parkı İrəvana öz yerini bilməsi və qaynar başların soyuması baxımlından bir xatırlatma rolunu oynamalıdır”, - Xlopotov vurğulayıb və yada salıb ki, məhz Ermənistan 30 il öncə yad ölkənin torpaqlarına soxulub və Azərbaycan ərazilərini işğal edib.
*****